Bakı həftəsonları imkanlıların ixtiyarına verilir

Cəmiyyət

26.09.2020 - 11:13

Həkimlər Klinikalar SEO Xidməti

Camaat şənbə-bazar ictimai nəqliyyatın işləməməsindən təngə gəlib

 

Həftəiçi ağır iş rejimində işləyənlər dincəlmək, dost-tanışla görüşmək, alış-veriş kimi müəyyən vaxt tələb edən ehtiyaclarını qarşılamaq üçün həftəsonunu gözləyirlər. Daha doğrusu, gözləyirdilər. Çünki pandemiya səbəbi ilə həftəsonları ictimai nəqliyyat fəaliyyətini dayandırmayana qədər bu, belə idi. Elə ki, Operativ Qərargah virusa yoluxma sayında artım sürətini azaldacağını iddia edərək, həftəsonları ictimai nəqliyyatın fəaliyyətini tamamilə dayandırdı, o vaxtdan da ictimai nəqliyyatdan mütəmadi istifadə edənlər üçün əlavə xərc və problemlər yaranmağa başladı.

 

Həftəsonu ictimai nəqliyyatın olmaması hər kəsin həyatına bir cür təsir edir. AYNA sosial şəbəkə istifadəçilərinə “Həftəsonu ictimai nəqliyyatın işləməməsi kimlərdə hansı çətinliklər yaradır?” sualını ünvanlayıb. Beləliklə:

 

Firdovsi İsmayılov: “Bizim restoranın işçiləri həftəsonu - iki gün səhər və axşam taksi ilə gəlib-gedirlər. Uzaqda yaşayanlar bir günə 12-15 manat yolpuluna vəsait xərcləyir”

 

Aytəkin Cəlali: “Məlum məsələdir ki, həftəiçi saat 2-dən 7-yə qədər onlayn dərsdə oluruq. Həftəsonu həll etməli olduğumuz işləri həll etmək üçün harasa çıxa bilmirik. Çıxsaq da, normal xərcdən qat-qat artıq xərcə düşürük. Nə anlamı var axı, insanları belə incidib əsəbləriylə oynamağın?!”

 

Xədicə Vəlizadə: “Əlavə xərc yaradır. Getmək istədiyin yerə gedə bilmirsən, taksilər qiymət qaldırır və sair”.

 

Səyyarə Elxan: “Heç yerə gedə, problemləri həll edə bilmirik”.

 

Günel Ələkbərova: “Sıxlıq ən çox həftəiçi olur. Həftəsonu ictimai nəqliyyatın fəaliyyətini tamamilə dayandırmaq absurd qərardır. Belə çıxır ki, həftəsonu şəhər ancaq imkanlıların ixtiyarına verilir?!”

 

Aidə Mövlüd: “Əlavə xərc yaradır”.

 

Elnurə Abuşova: “Repititora taksi ilə gedib-gəlməli oluruq. Qızımı dərsə taksi ilə aparıram deyə məcbur özüm də onunla getməli oluram. Beləcə özümün də 2 saatım getmiş olur. Həm mənəvi, həm maddi ziyana düşürük”.

 

Səmral Quluzadə: “Neftçalada yaşayıram deyə heç bir çətinlik yaratmır”.

 

Elyar İslamoğlu: “Yüzlərlə insan yollarda taksi axtarır, ailə büdcəsindən əlavə xərclər çıxır, insanlar daha da müflisləşir, 60 qəpiyə gedəcəyi yolu 5-6 manata gedir. Absurd qərarları verənlərin xüsusi xidməti maşını, şəxsi maşını var, əziyyəti hiss etmirlər”.

 

Gülər Seymurqızı: “Evdə oturmaq məcburiyyətində qalıram”.

 

Elxan Rəcəbov: “Kursdan dedilər ki, ictimai nəqliyyat işləmir deyə şənbə günü magistratura hazırlığımız onlayn keçiriləcək. Evdən çıxsan, 10-15 manat yolpuluna xərcləyirsən, buna görə də həftəsonu evdən çıxmıram. İndi dərslərin də bu səbəbdən onlayn olacağını biləndə qanım lap da qaraldı. Çox insanın gündəlik qazancı 10 manat civarındadır, bunu da taksiyə vermək məcburiyyətində qalır. Axı neyləsin, işini itirməkdən qorxan adamlar məcburdur ki, həftəsonu taksilər üçün işləsinlər”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş