“Baheddin Kandaz bizə xeyir yox, ziyan verdi” - Atamovdan İTTİHAM

İdman

21.11.2021 - 22:20

Karateçi: “Hələlik yeganə azərbaycanlı karateçiyəm ki, bu kəmərin sahibiyəm”

Son illərin ən uğurlu karateçilərindən olan Şahin Atamov milli komandada fəaliyyətinə son qoyub. İkiqat dünya üçüncüsü, İslam oyunlarının qızıl mükafatçısı Şahin Atamov qısa müddət ərzində qazandığı uğurlarını AYNA-nın oxucuları ilə bölüşüb.

Karateçi ilə müsahibəni təqdim edirik:

- Şahin Atamov olimpiya oyunlarına az qalmış karate üzrə milli komanda ilə vidalaşdı. Buna səbəb nə idi?

- Bizdə olimpiya oyunlarına lisenziya liqalardan toplanmış ballar hesabına müəyyən olunurdu. Son Premyer Liqa yarışlarında bizdə baş məşqçi dəyişikliyi oldu. Türkiyədən Baheddin Kandaz adlı baş məşqçi gətirilsə də, gözləntiləri doğrultmadı. Komandamız zəif çıxış edirdi. Sadəcə 3 lisenziya qazanıldı. O ki qaldı mənim liqalarda uğursuz çıxışıma,  Tokio 2020 Olimpia Oyunlarına lisenziya qazana bilmədim. Məhz məşqçinin bizi məşqçi kimi qanə etməməsi nəticəsində qazandığım uğursuzluqlara görə idman karyerama son qoymaq qərarına gəldim. 

- “Karate combat”dan təklif gəldi, yoxsa siz özünüz təşəbbüs göstərdiniz? Adətən peşəkar idmançılara özləri təklif göndərirlər...

- 2017-ci ildə İzmitdə Avropa çempionatında mən bürünc medal qazandım. “Karate combat” Liqasının əməkdaşları mənim döyüşümü görüb bəyəniblər. Elə yarışdaca təşkilat üzvləri mənə yaxınlaşıb “Karate combat” yarışlarında döyüşmək təklifini etdilər. 30 vərəqli müqavilə təqdim etdilər. Həmin dəqiqə cavab vermədim. Hüquqşünas ilə müqaviləyə baxdıq və sonra təkliflərini qəbul edərək müqavilə bağladıq. 2017-ci ildə müqavilə imzalansa da 2019-cu ildə ilk dəfə olaraq “Karate combat” liqasında rinqə çıxdım. Hətta sentyabr ayında keçirilən ilk yarışımda rəqibimə qalib gələrək “Karate combat” kəmərinə sahib olmuşam. Fəxrlə deyə bilərəm ki, hələlik yeganə azərbaycanlı karateçiyəm ki, bu kəmərin sahibiyəm.

- Bir peşəkar kimi olimpiya oyunlarının nəticəsindən razısınız? Axı idmansevərlər karatedən qızıl medallar gözləyirdilər...

- Karate üzrə olimpiya nəticələrindən razıyıq. Hamımız karatedən qızıl nəticə gözləyirdik. Amma iki gümüş nəticənin olması da böyük nəticədir. Mənim düşüncəmə görə, əvvəlki vaxt olsaydı, daha uğurlu nəticələr verərdik. Türk məşqçinin gəlməsi bizə xeyir yox, ziyan verdi, milli komandamızın nəticələrini zəiflətdi. Bizi geri apardı. Bir də Rafael Ağayevə finalda haqsızlıq olundu.

- Baheddin Kandazdan bu qədər narazı olduğunuz halda Federasiya onu niyə saxlayırdı?

- Bu artıq biz idmançılardan asılı olan məsələ deyildi. Karate Federasiyasının daxilində gedən məsələlər idi. Biz idmanımızı edirdik. Sonda milli komandanın üzvlərinin narazılığından və uğursuzluqlarından sonra Federasiya türkiyəli məşqçini millidən uzaqlaşdırdı. Bütün komandanın eniş nöqtəsi idi. Biz hər yarışda iştirak etdikdə ən azı 2-3 medalla geri qayıdırdıq. Türkiyəli məşqçi dönəmində yarışa gedib medalsız qayıtdığımız vaxtlar var idi. İndi məşqçi dəyişib və artıq daha uğurlu nəticələr vardır. Hətta mən də karyerama son qoyandan gənclərin milli komandasında böyük məşqçi postundayam. Qısa zaman üçün məşqçi kimi də uğurlarım var. Liqa və Avropa yarışlarında çempionumuz var.

- “Karate combat” liqlərində neçə yaşınıza kimi döyüşməyi planlayırsınız?

- Profisional idmanda 2 il də döyüşməyi düşünürəm. Kəmər məndədir və onu azı 2 il də özümdə saxlamağı düşünürəm. Amma ümumilikdə idmandan uzaq qalmağı düşünmürəm. Məşqçi kimi həmişə karate idman növündə olacağam.

 

“Baheddin Kandaz bizə xeyir yox, ziyan verdi” - Atamovdan “Baheddin Kandaz bizə xeyir yox, ziyan verdi” - Atamovdan
Müəllif: Təranə Xudabaxşiyeva