Azərbaycanlılar ermənilərə Rusiyada ticarət savaşı açıblar – <font color=red> VİDEO</font>

Xəbərlər

18.07.2020 - 13:53

Ermənilər Rusiya dövlət orqanlarına azərbaycanlılardan şikayət ediblər

 

Moskvada, Rusiyanın ən böyük topdansatış və pərakəndə ərzaq mərkəzi olan “Food City”də azərbaycanlıların Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarını almaqdan imtina etmələri barədə oxuculara məlumat vermişdik. Qeyd edək ki, “Food City” Azərbaycan əsilli Rusiya biznesmenləri Qod Nisanov və Zarax İliyev tərəfindən təsis edilən "Kievskaya ploşad" holdinqinə daxil olan bir müəssisədir.

 

Və burada Ermənistan-Azərbaycan sərhədində döyüş başlayandan bəri, azərbaycanlı iş adamları artıq Ermənistandan gələn kənd təsərrüfatı məhsulları almırlar. Aksiyaya özbəklər, taciklər və dağıstanlılar da qoşulub. Erməni iş adamları Rusiyanın digər şəhərlərində də kənd təsərrüfatı məhsullarını sata bilmirlər.

 

Bununla əlaqədar, Ermənistanın "Qraparak" qəzeti yazır ki, Moskvada Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan ermənilər qəzetin redaksiyası ilə əlaqə saxlayaraq, azərbaycanlıların nəzarətində olan Moskva bazarlarında erməni kənd təsərrüfatı məhsullarını qəbul etməkdən imtina etdiklərini söyləyiblər.

 

“Food City”də lentə alınan bir videoçarx sosial mediada yayılıb. Görüntülərdə, Ermənistan mallarının boykot edilməsinin səbəbini öyrənmək və hansısa razılığa gəlmək üçün şirkətin baş ofisinə gələn Ermənistanın Rusiyadakı səfirliyinin nümayəndəsinin “Food City”nin inzibati binasından necə qovulması əks olunur.

 

Bundan əlavə, sosial şəbəkələrdə bir erməni iş adamının ticarət obyektlərinin azərbaycanlı sahibləri tərəfindən erməni mallarının boykot edilməsi barədə şikayət etdiyi daha bir video yayılıb. O, Rusiya dövlət orqanlarına azərbaycanlılardan şikayət edərək, erməni mallarına boykotun dayandırılmasını tələb edir. Erməni əsəbləşərək azərbaycanlıların Rusiyada “xozeyin” olmadıqlarını deyir.

Öz tərəfimizdən qeyd edək ki, Rusiyadakı azərbaycanlılara məxsus ticarət obyektləri dövlət müəssisəsi deyil və onların erməni mənşəli məhsulların satılıb-satılmaması barədə müstəqil qərar vermək hüququ var. Bu məsələdən zərər çəkən erməni iş adamları və Ermənistan hakimiyyəti üçün bu vəziyyət barədə yaxşıca düşünmək və müvafiq nəticələr çıxarmaq vaxtıdır.

Müəllif: Asif Aydınlı