Ölü heyvan əti satışının qarşısı alınıb

Hadisə

17.10.2019 - 11:52

Şəmkirdə mənşəyi məlum olmayan ət aşkarlanıb

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentliyin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, növbəti belə tədbir AQTA əməkdaşları tərəfindən Şəmkir rayonunda keçirilib.

 

Monitorinq zamanı Şəmkir rayonu Çinarlı qəsəbəsində yol kənarında Göygöl rayon sakini Məmmədov Azər Cümşüd oğlunun baytarlıq-sanitariya ekspertizasından keçməyən, baytarlıq-sanitariya tələblərinə cavab verməyən təxmini çəkisi 58 kq mənşəyi məlum olmayan ət və ət məhsullarının satışını həyata keçirdiyi məlum olub. İstehlaka yararsız ətin satışının qarşısı alınıb. Ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Ayna.az