Azərbaycanla Qazaxıstan arasında oxşar və fərqli cəhətlər

İqtisadiyyat

03.02.2020 - 15:46

Qazaxıstanda iqtisadiyyatın əlavə dəyər və sərvət yaratmaq potensialı bizimlə müqayisədə çox yüksəkdir

 

Qazaxıstan və Azərbaycan - hər ikisi resurs ölkəsidir. Demək olar ki, təbii resursdan asılılıq səviyyəsi də çox yaxındır. Büdcənin 60%-ə yaxını, ÜDM-in təxminən yarısı, ixracın 90%-ə qədəri - aşağı-yuxarı hər 2 ölkədə təbii resurs qazanclarından asılıdır.

 

Amma 2 ölkənin monetar göstəriciləri bir-birindən çox kəskin fərqlənir. Bu fərqləri iqtisadiyyatdakı dinamizm, milli sərvətin və resursların müxtəlif subyektlər arasında bölünmə səviyyəsi, kiçik və orta sahibkarlığın milli gəlirin yaradılmasında iştirak payı, gizli iqtisadiyyatın səviyyəsi, resursdankənar ixracın paylaşma səviyyəsi kimi faktorlar yaradır.

 

Monetar göstəricilər arasında fərqə baxaq:

 

Birinci fərq - 2019-cu ildə Azərbaycanda pul bazasının əsas elementi olan nağd pulun geniş pul kütləsində (M3) payı 37%-dir - Qazaxıstanda cəmi 12.6%-i. Nağd pulun belə böyük payı gizli iqtisadiyyatın daim çiçəklənməsinin mühərrikidir.

 

İkinci mühüm fərq - Azərbaycanda banklardankənar nağd pulun (M0) geniş pul kütləsində (M3) payı 33%-dir, Qazaxısatanda 10% ətrafında.

 

Üçüncü mühüm fərq - Azərbaycanda geniş pul kütləsinin (M3) 67%-i iqtisadiyyatın 3 müxtəlif institusional vahidinə məxsus depozitlər hesabına formalaşır, Qazaxıstanda təxminən 90%-i. Bu fakt göstərir ki, Qazaxıstanda iqtisadiyyatın əlavə dəyər və sərvət yaratmaq potensialı bizimlə müqayisədə çox yüksəkdir. Depozitlər iqtisadiyyatın malik olduğu maliyyə sərvətinin əsas formalarından biridir.

 

Nəhayət - Azərbaycanda geniş pul kütləsinin 37%-i xarici valyutada, 30%-i milli valyutada depozitlərdən formalaşır. Lakin Qazaxıstanda geniş pul kütləsinin 24%-i xarici valyutada, 65%-i milli valyutada depozitlərdən formalaşır.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert