Azərbaycandan Türkiyəyə ikinci yardım təyyarəsi yola düşəcək

Xəbərlər

06.02.2023 - 12:05

Prezident İlham Əliyev tapşırıq verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri yaxın saatlarda xüsusi təyyarə ilə Adana şəhəri hava limanına yola düşəcəklər.

AYNA xəbər verir ki, həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, FHN Türkiyədə baş verən zəlzələ barədə açıqlama yayıb. FHN-dən bildirib ki, bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.

Müəllif: Ayna.az