Azərbaycanda yeni siyasi ittifaqlar yarana bilər

Siyasət

16.05.2020 - 16:32

Öllkədə yeni siyasi konfiqurasiya yarana bilər


Şübhəsiz ki, həm dünyada hazırda yaşanan pandemiya fonunda qlobal siyasi formatlanma qaçılmaz kimi görünür. Həm də Azərbaycanda artıq elitadaxili siyasi transformasiyanın başladığı aşkar görünür.


Bu məsələnin dərinliklərini siyasi analitiklər yazar yəqin, sahəm olmadığı üçün kənardan qayıdıram.

 

Yazmaq istədiyim tamam başqa məqamdır: bu proseslər şübhəsiz ki, hakimiyyətdən kənarda yeni siyasi formatlar yaradacaq, cəmiyyətin tanıdığı köhnə, tanımadığı yeni xeyli simaların ittifaqları da yarana bilər, illərdir bir araya gəlməyən adamlar bir siyasi ittifaqlarda da toplana bilər. Əksinə uzun illər bir yerdə yol gəlmiş adamlar yollarını ayıra da bilər.

 

Bütün hallarda həmişə müdafiə elədiyim bir fikrin üzərində qalıram: bizi düşdüyümüz durğunluqdan və inkişafsızlıqdan siyasi həyatın canlanması və sağlam siyasi rəqabət mühiti xilas edəcək.  


Amma burda diqqət yetirilməli çox vacib bir məqam var və təcrübəli dostlardan çox siyasətə saf, romantik yanaşan təcrübəsiz dostlara aiddir.


Hardasa olub siyasi proseslərə bir vətənpərvər, peşəkar kimi töhfə vermək istəyirsinizsə, verin. Amma unutmayın ki, toplananların yeri dəyişəndə cəm dəyişmir. Lap açıq deyim: fərdi qaydada bir uğuru olmayan, dağıdıcı gücü, təfriqəçiliyi yaradıcı gücündən çox olan, şəxsi maraqlarını hər addımda ictimai maraqlardan üstün tutduğu aşkar görünən adamlar birləşsə belə, dağılacaq. Onlardan cəmiyyət fayda görsəydi, indiyə qədər görərdi.


Dağıdıcı gücün birləşməsi formal və müvəqqəti xarakter daşıyır. 


Yəni enerjinizi faydalı işlərə sərf edin, ya da saxlayın məqamında xərcləyin...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert