Zahid Oruc: “Bilmirəm bundan sonra həmin şəxsi əfv etmək mümkün olacaq, ya yox”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitə üzvü, deputat Elman Nəsirovun Prezident yanında Əfv Komissiyası ilə bağlı söylədiklərinə reaksiya verib. AYNA-nın xəbərinə görə, Z.Oruc deyib ki, E.Nəsirovun fikirlərindən sonra böyük jurnalist araşdırmaları başlayacaq.
“Əfv Komissiyasının bundan əvvəlki tərkibində bir sürücü böyük bir səlahiyyətə malik olubsa, bu, olduqca ciddi məsələdir. Bu məsələ araşdırılmalıdır. Bilmirəm bundan sonra həmin şəxsi əfv etmək mümkün olacaq, ya yox”, - deyə komitə sədri vurğulayıb.
Xatırladaq ki, iclasda deputat E.Nəsirov deyib ki, Əfv Məsələləri Komissiyasının bundan əvvəlki tərkibində qeyri-qanuni addımlar atılıb. Onun sözlərinə görə, Əfv Komissiyanın deputat üzvlərindən birinin sürücüsünün əfv siyahısına adlar daxil etdirməsi haqqında onda məlumatlar var.