Azərbaycanda bu il İİV-ə yoluxanların sayı açıqlandı: <font color=red> Kişilər çoxluq təşkil edir</font>

Cəmiyyət

18.05.2020 - 15:43

Ölkəmizdə İİV-infeksiyası təsdiq olunmuş 6987 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır

 

Aylardır davam edən koronavirus pandemiyası bir çox xəstəliyi  kölgəsində qoyub. Amma QİÇS kimi xəstəliklər heç vaxt arxa plana keçə bilməz. QİÇS-lə Mübarizə Mərkəzindən AYNA-ya verilən məlumata görə, karantin müddətindən qabaq, hələ mart ayının ortalarından, Mərkəzdə mütəxəssislərin iştirakı ilə həm yerli, həm də xaricdə yaşayan həmyerlilərimiz üçün azərbaycanca, rus və ingilis dillərində “Skype”, “Whatsapp” və “Viber” vasitəsilə məlumatlandırıcı və məsləhətləşmə xidmətini yaradılıb.

 

Videobağlantı formatında "Evdən çıxmadan məsləhət al” xidmətindən hər kəs istifadə edə bilir. Karantin müddətində regional laboratoriyalar və regional antiretrovirus mərkəzlərinə preparatların, reaktiv və testlərin müntəzəm çatdırılması davam edib. Məlumata görə, Mərkəz yaxın günlərdə Avropa Testləşmə Həftəliyi (European Testing Week) kampaniyasına qoşulacaq. Azərbaycanda bu dəfə daha geniş miqyaslı məlumatverici tədbirlər nəzərdə tutulur.

 

Mərkəzdən AYNA-ya o da bildirilib ki, bu ilin 4 ayı ərzində Azərbaycanda İİV-ə yoluxma faktı 196 nəfər olub. Azərbaycan vətəndaşından 131-i (66,8%) kişi, 65-i (33,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 38 vətəndaşımız keçib, 14 nəfər isə xəstəlikdən həyatını itirib.

Bu il ərzində qeydiyyata alınandan 30nəfər (15,4%) parenteral kontakt, 150 nəfər (76,5%) heteroseksual kontakt, 12nəfər (6,1%) homoseksual kontakt nəticəsində, 4 nəfərin (2%) yoluxma yolu araşdırılır.

 

Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 6987 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 4880-i (69,8%) kişi, 2107-si (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1854 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş  vətəndaşların sayı isə 1056 nəfərdir. Azərbaycan vətəndaşlarından 40,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 48,6%-də heteroseksual, 3,2%-də isə homoseksual kontakt nəticəsində, 1,6%-də anadan uşağa keçməklə, 0,01%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 6,1% -də yoluxma yolu müəyyən edilməyib.

 

Mərkəzdən o da bildirib ki, 2001-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya  6043  insan cəlb edilib, o cümlədən, 191 nəfərə müalicə bu ildən başlanılıb.

 

Qeyd edək ki, 17 may bütün dünyada QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd olunur, dünən də bu tarix xatırlanıb.

 

Xatırladaq ki, hər kəs QİÇS və ya İİV-lə bağlı sual və müraciətlərini Mərkəzin (anonimlik qorunur) “İnam telefonu” (012) 594 9924 , “qaynar xətt” (012) 408 79 74 vasitəsiylə çatdıra bilərlər.

Müəllif: Raminə Eyvazqızı