Niderlanddan könüllü mənşə ölkəsinə qayıdan şəxslər reinteqrasiya yardımı ilə təmin edilib
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Niderlanddan könüllü olaraq Azərbaycana qayıdan şəxslərə gəlir gətirən fəaliyyət sahəsinin qurulmasına dəstək verib. AYNA-ya bu barədə qurumun Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderlanddan könüllü mənşə ölkəsinə qayıdan şəxslər reinteqrasiya yardımı ilə təmin edilib.
O da bildirilir ki, layihə çərçivəsində könüllü qayıdan şəxslər BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət növü kimi taksi xidmətinin göstərilməsi məqsədi ilə müvafiq avtomobilləri satın alıblar.
Qeyd olunur ki, QBMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Niderland, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Ayrılmış reinteqrasiya yardımı kiçik biznesin qurulması, mövcud biznesə sərmayə qoyulması, təhsilin artırılması, habelə müvəqqəti mənzil təminatı üçün istifadə edilə bilər.