Azərbaycana qarşı açıq demarş – Fransa “qırmızı xətt”ləri tapdayır

Siyasət

27.12.2021 - 10:20

Hüquq müdafiəçisi: “Fransada yaşayan xalqlara müraciət edirik ki, ermənipərəst namizədlərə səs verməsinlər”

Politoloq: “Fransa Azərbaycan-Türkiyə yaxınlaşmasından narahatdır və hər vəchlə buna mane olmağa çalışır”

Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin adı Azərbaycana girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) qanunsuz səfərlə bağlı Fransanın Bakıdakı səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.

Qeyd edək ki, Fransa istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonra Ermənistana açıq dəstəyini nümayilş etdirir. Düzdür, Fransa hər zaman erməniləri müdafiə edib, lakin son illər bu dəstək ən yüksək səviyyəyə çatıb. Bəziləri bu dəstəyin Ermənistanın qərbpərəst Baş naziri Nikol Paşinyana görə olduğunu iddia etsələr də, əks qənaətdə olanlar - rəsmi Parisinin davranışlarını Azərbaycan-Türkiyə birliyinə qarşı yönəldiyini söyləyənlər də var.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu AYNA-ya açıqlamasında deyib ki, Fransa hər zaman ermənipərəst mövqe nümayiş etdirib: “Bunun da əsas səbəbi Fransada ermənilərin sayının çox olması və onların müxtəlif postlarda təmsil olunması ilə bağlıdır. Bu gün Fransada deputatlar və bələdiyyə üzvləri arasında xeyli sayda erməni var. Çünki ermənilər tarixən Fransada güclü olublar, müxtəlif şəhərlərdə hakim mövqe tutublar. Emmanuel Makron seçkilərdə erməni lobbisinin səsini almaq üçün oxşar texnologiyadan istifadə etdi. Hazırda digər namizədlər və partiyalar də ənənəvi üsuldan istifadə edirlər. Onlar bu yolla iddia etdikləri kimi, beynəlxalq hüququ qorumağa yox, daha çox səs toplamağa çalışırlar. Düşünürlər ki, bu cür təxribatçı addımları ilə seçkilərdə Fransada ermənilərin rəğbətini və etimadını qazana biləcəklər”.

Həmsöhbətimiz Fransa ictimaiyyətinə müraciət etdiklərini söyləyib: “Azərbaycanda fəaliyyət göstərən qadın təşkilatları, eyni zamanda qeyri-hökumət təşkilatları olaraq Fransa ictimaiyyətinə müraciət etdik. Bilirsiniz ki, bu gün Fransada digər millətlərin, türklərin, yəhudilərin, ərəblərin, pakistanlıların da sayı az deyil. Ermənistan Xocalıda, Tərtərdə, Bərdədə, Gəncədə, vaxtilə işğal altındakı torpaqlarımızda misli görünməmiş cinayətlər törədib, terrora əl atıb, uşağa, qocaya, qadına baxmadan qanına qəltan edib. Müsəlman dövlətləri buna etiraz etməlidir. Bizim dostlarımız buna göz yuma bilməz. Qarabağ münaqişəsi əsas etibarilə başa çatıb. Xankəndi Azərbaycan şəhəridir və ora ölkəmizin rəsmi razılığı olmadan səfərlər etmək olmaz. Biz Fransada yaşayan dost millətlərin nümayəndələrinə müraciət edərək, onları ermənipərəst namizədlərə səs verməməyə çağırdıq”.

Cəfəroğlu əlavə edib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olaraq qərəzli siyasətinə son qoymalıdır: “Azərbaycanla Ermənistan qonşu dövlətlərdir. Bu gün iki dövlət arasında kommunikasiyaların açılması məsələsinin gündəmdə olduğu, birgəyaşayışın müzakirə olunduğu bir dövrdə Minsk Qrupunun həmsədri olan dövlət münaqişəni alovlandırmaqla məşğuldur. Ya buna son qoymalıdırlar, ya da ATƏT-in Minsk Qrupunun həmsədrliyindən getməlidirlər”.

Siyasi şərhçi Sülhəddin Əkbər də AYNA-ya bildirib ki, erməni lobbisinin güclü olduğu üç ölkədən biri Fransadır: “Bu gün Fransada 600 min erməni seçici var. Bu, kifayət qədər ciddi rəqəmdir və seçkilərin taleyinə mühüm təsiri var. Bu baxımdan Fransa prezidentliyinə namizədlər hər zaman ermənilərdən dəstək almağa çalışırlar. Bu, qabaqlar da belə olub, indi də belədir. Eyni zamanda Fransa ilə Ermənistan arasında tarixi münasibətlər mövcuddur. Hər ikisi xristian dövlətidir və bu gün Fransada ciddi şəkildə islamofobiya meylləri müşahidə olunmaqdadır. Lakin bu yolla Azərbaycana təzyiq etmək mümkün olmayacaq. Ermənilər 44 günlük Vətən müharibəsində məğlub oldular və Fransanın dəstəyi onları bu acı məğlubiyyətdən xilas edə bilməyəcək”.

Ekspertin sözlərinə görə, Fransa Azərbaycan-Türkiyə yaxınlaşmasından ciddi narahatlıq keçirir: “Hər vəchlə buna mane olmağa çalışırlar. Çünki bu gün Türkiyə kifayət qədər önəmli dövlətdir və dünyada söz sahibidir. Hətta bir çox istiqamətlər üzrə Fransanı da qabaqlayıb. Bütün bunlar Parisdə qısqanclıqla qarşılanır. Ermənilərə dəstəyin kökündə duran əsas səbəblərdən biri də budur”.

“Azərbaycanla Türkiyə tarixdə görünməmiş həddə birlik nümayiş etdirir və strateji məqsədlər üzrə birgə hərəkət edirlər. Bu birlik bütün sahələri əhatə etməklə yanaşı, həm də dünyaya bir mesajdır. Görünür Fransanın bu mesajdan çıxardığı nəticə budur və onlar bu addımları ilə nəinki Ermənistana kömək edirlər, əksinə, onları daha çox dalana dirəyirlər”, - deyə Əkbər vurğulayıb.

Onun qənaətincə, bu təxribatçı addımlardan sonra Fransa bu məsələyə aydınlıq gətirməli, Azərbaycandan üzr istəməli və ya ATƏT-in Minsk Qrupunun həmsədrliyindən getməlidir: “Bütün bunlar göstərir ki, artıq Minsk Qrupu mövcud deyil. Necə ki, buna qədər heç bir iş görə bilmədilər, bundan sonra da heç kimə lazım deyillər”.

Müəllif: Azər Niftiyev