Azərbaycan banklarında ifrat ehtiyat tədbirləri – “Papadan artıq katolik olmaq”...

İqtisadiyyat

04.08.2023 - 18:15

Əkrəm Həsənov: “Bankların belə hədsiz sayıqlığı təkcə qorxudan deyil, həm də savadsızlıqdan irəli gəlir”

Maliyyə məhdudiyyətlərinin davamı olaraq, ABŞ iyulun 20-də Rusiyanın “Unistream Bank”ına və digər dörd kredit təşkilatına qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Bundan sonra, eyni adlı məşhur ödəniş sistemi gözdən düşdü - bir çox MDB bankları bu rus xidməti ilə əməkdaşlığı tədricən azaldır.

Bundan əvvəl Özbəkistan, Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan və Gürcüstanın bəzi banklarının Rusiyanın “Unistream” ödəniş sistemi ilə fəaliyyətini dayandırdığı barədə məlumat yayılmışdı. "Kommersant" xəbər verir ki, Qırğızıstanda əməkdaşlığı “Kompanion”, “Finsa”, RSK, “Capital”, “Halyk” və “Bank of Asia” bankları dayandırıb. Ermənistanda “Ardshinbank” və “Converse Bank” ödəniş sistemi ilə işləməyi dayandırıb. "Evocabank" və "Armeconombank" Rusiyanın ödəniş sistemi ilə əməkdaşlığı kəsilmiş versiyada davam etdirir - köçürmələr yalnız rubl və dramla edilə bilər.

Bu ödəniş sistemi ölkəmizdə işləmədiyi üçün Azərbaycanın maliyyə strukturları haqqında heç bir məlumat verilmir. Bank və maliyyə eksperti Əkrəm Həsənov AYNA-ya şərhində deyib ki, sözügedən ödəniş xidməti Azərbaycanda fəaliyyət göstərmir, ona görə də ondan istifadə etməkdən imtina edənlər arasında respublika banklarının adı çəkilmir.

“İndi bu sistem ABŞ-ın sanksiyaları altındadır və buna görə də qonşu ölkələr ondan kütləvi şəkildə imtina edir. Bizdə ondan istifadə edilmir, amma respublikanın bankları sanksiyalarla bağlı hər şey baxımından fəaldır və təkcə Rusiya ödəniş sistemləri ilə əlaqəli deyil. Azərbaycan bankları hətta həddən artıq canfəşanlıq edir, özlərini təkrar sığortalayır, hətta bu məsələlərdə həddi aşırlar. Məsələn, Rusiya şirkətlərinin sanksiyalara məruz qalan keçmiş işçiləri ilə əməkdaşlıqdan imtina edə bilərlər, baxmayaraq ki, heç kim heç kimə belə bir tələb qoymayıb”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, həddən artıq canfəşanlıq bizim bankların sanksiyalara məruz qalacağından, imicini korlamaqdan və s. həddən artıq qorxudan irəli gəlir: “Başqa səbəblər də var. Yerli bankların belə hədsiz sayıqlığı təkcə qorxudan deyil, həm də savadsızlıqdan irəli gəlir – onlar sanksiyaların mahiyyətini başa düşmürlər və özlərini hər şeydən qorumağa çalışırlar. Və bu mənada Papadan daha çox katolik olurlar”.

“Mən bir neçə dəfə bizim böyük banklarımızın necə həddən artıq ehtiyatlı olduqlarının şahidi olmuşam və bu, ümumiyyətlə başadüşüləndir. Axı Azərbaycan korrupsiya və şəffaflığın olmaması baxımından Qərbdə yaxşı reputasiyaya malik deyil. Bundan əlavə, Qərb əsasən ermənipərəst mövqedən çıxış edir, lakin bizim maraqlarımızı nəzərə almağa məcburdur, ona görə də bizim heç bir səhvimizdən istifadə etməkdən çəkinmirlər və diqqətli olmalıyıq”, - deyə Həsənov vurğulayıb.

Belə ki, iyulun 20-dən etibarən daha bir neçə Rusiya bankı ABŞ Maliyyə Nazirliyinin “qara siyahı”sına salınıb - “Unistream” ödəniş sisteminin eyniadlı bankı və operatoru olan “Tinkoff Bank”, həmçinin “Loco-Bank”, “Solidarity Bank” və Sankt-Peterburq Sosial Kommersiya Bankı.

Rusiyanın “banki.ru” saytının məlumatına görə, hazırda Rusiyanın 31 bankı sanksiyalar altındadır. Ən sərt bloklama sanksiyaları SDN siyahısına daxil edilmiş banklara təsir edib – onlardan 25-i bu siyahıdadır. SDN siyahısına daxil edilməsi bank üçün onun ABŞ-dakı aktivlərinin dondurulması və ABŞ-ın istənilən kontragentləri ilə dollarla hesablaşmaların qadağan edilməsi deməkdir. Həmçinin, siz bu bankların brokerləri vasitəsilə xarici səhm və valyuta ala bilməzsiniz.

Müstəqil iqtisadçı Vitali Kaluqinin dediyinə görə, Azərbaycan bankları sanksiyalara əməl edir və sanksiyaya məruz qalmış Rusiya maliyyə institutları ilə köçürmələri məhdudlaşdırmağa və ya tamamilə dayandırmağa məcbur olacaqlar: “İri Rusiya bankları sanksiyalara məruz qalıb, lakin bir çox başqa, daha kiçik oyunçular var. Ona görə də qarşılıqlı hesablaşmalar üçün müxbir hesablar sistemini təşkil etmək kifayətdir”.

“Belə ki, sanksiyalara məruz qalmayan istənilən Rusiya bankı manatla köçürmələr üçün müxbir hesablar sistemi ilə bağlı Azərbaycan bankı ilə razılaşa bilər. Əgər belə hesab Azərbaycan bankı tərəfindən Rusiyada açılıbsa, o zaman rubl da köçürülə bilər”, - deyə ekspert vurğulayıb.

Müəllif: Emma Rzayeva