Nə vaxtadək dözəcəyik?!

Aktual

04.02.2022 - 20:21

“Sülhməramlı” rus, separatçı erməni və öz torpağında təftiş olunan azərbaycanlı

Əcəb işə düşmüşük! Rusiyalı “sülhməramlılar” təkcə öz ərazimizdə nəqliyyatımızı yoxlamaqla kifayətlənmir, həm də “Artsax hüquq-mühafizə orqanlarının əməkdaşlarını” özlərinə köməkçi götürürlər.

Əminəm ki, prosesi əks etdirən videogörüntülərə baxan və müşayiət olunan mətndə “Artsaxın hüquq-mühafizə orqanları Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycandan Artsax Respublikasına keçən yük maşınlarını yoxlayır. Avtomobil karvanı Madagiz-Getavan-Vank marşrutu ilə və geriyə doğru hərəkət edən tikinti materialları və ərzaqla birlikdə 20-yə yaxın maşından ibarət idi” ifadəsini oxuyan hər bir azərbaycanlı mürəkkəb hisslər keçirir: aşağılanmaq, təhqir, qəzəb və hiddət.

Rusiya hərbi kontingentinin guya sülhməramlı missiyanı yerinə yetirmək üçün Dağlıq Qarabağda peyda olmasından keçən 15 aya yaxın müddət ərzində belə hisslər bizdən əl çəkmir. İkinci Qarabağ müharibəsində üç minə yaxın qəhrəman oğlumuzu itirdiyimizə baxmayaraq, biz heç vaxt tam azad edilmiş Qarabağa sahib olmadıq. Nəinki Dağlıq Qarabağın bir hissəsi hələ də erməni separatçılarının ayaqları altındadır, həmin ərazi həm də Rusiyanın mütləq nəzarətinə keçib. Sülhməramlı bəhanə ilə və sülhməramlı missiya adı altında torpaqlarımıza yeridilən rus qoşunları bütün faktiki addımları ilə orada özlərini nəinki əsl ağa kimi aparır, həm də erməni separatçılarına yardım edirlər.

Nəinki, Azərbaycan vətəndaşları, hətta ölkə rəhbərliyinin nümayəndələri də imperiya qoşunlarının nəzarətində olan ərazilərə ayaq basa bilmir, həm nəqliyyat dəhlizlərindən keçərkən maşınlarımız yoxlanılır, hətta yerli, yəni erməni “polis”inin qüvvələrinin cəlb edilməsi ilə də təftiş edilir.

Halbuki, müharibədən sonrakı nizamlanmanın bütün qanunlarına görə, qalib tərəf şərtləri diktə etməlidir və mən görmək istərdim ki, azad edilmiş bölgəyə nəzarət edənlər sülhməramlıların iştirakı ilə və daha yaxşı olardı ki, BMT qüvvələrinin iştirakı ilə də olsa, Azərbaycanın təhlükəsizlik qüvvələridir. Əgər doğurdan da belədirsə...

Əslində, Suqovuşan-Qozlukörpü-Vəngli marşrutu ilə Kəlbəcərə gedən avtomobilə baxış keçirərkən, müharibədə qalib gələn bir ölkənin sürücüsünün silahlı rus və erməni polisinin qarşısında çarəsiz dayandığını görmək yersiz acıvericidir.

Ölkə rəhbərliyinin problemlərə diqqətini çəkəcəyimiz ümidi ilə mütəmadi və yorulmadan oxucularımızın diqqətini “sülhməramlıların” öz səlahiyyətlərini aşmasına yönəldirik. Bu, bizim peşəkar və vətəndaşlıq borcumuzdur. Bir daha adekvat addım atmağa çağırırıq. Axı Ermənistanın özünün belə, imtina etdiyi, müharibədə qalib gələn Azərbaycan torpağında özbaşınalıq edən separatçıların bu qalıqları kimlərdir? Güclərini haradan aldıqları aydındır.

Amma bu, Azərbaycan tərəfinin vəzifəsi və haqqıdır ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli sazişlərin həyata keçirilməsinə hər vasitə ilə nail olsun. Ən əsası isə bu sahədə vətəndaşlarımız üçün süni şəkildə yaradılmış problemlərin həllini görməzdən gəlməyək. Xalq təcili tədbir görülməsini və vətəndaşlarının şərəfini qorumasını tələb edir. Bu isə dövlətin cəmiyyət, xüsusilə də ŞƏHİDLƏR və QAZİLƏR qarşısında borcudur.

Müəllif: Mira Həsənova