Avropa Komissiyası hesab edir ki, daxili yanma mühərrikləri olan avtomobillərə tələbat azalır
Avropa avtomobil sənayesinin böhranı Avropa Parlamentində müzakirəyə çıxarılıb. AYNA “Euronews.com”a istinadən bildirir ki, tələbin azalması, Çindən artan rəqabət səbəbindən fabriklərin bağlanması və kütləvi ixtisarlara səbəb ola bilər.
Avropa Komissiyası hesab edir ki, daxili yanma mühərrikləri olan avtomobillərə tələbat azalır və Avropada elektromobil istehsalı hələ də rəqabətqabiliyyətsizdir. Parlamentarilər bu xüsusi sənayeni ümumavropa “yaşıl keçid” strategiyasının bir hissəsi kimi stimullaşdırmağı təklif edirlər.
Avropa komissarı Valdis Dombrovskis deyib ki, “Avropa İttifaqında avtomobil satışları indi koronavirusdan əvvəlki səviyyədən aşağıdır. Çin isə ən böyük bazara çevrilib. Bundan əlavə, üçüncü bazarlarda tələb emissiyasız avtomobillərə doğru dəyişir.
“Buna görə də biz 2035-ci ilə qədər 100% hədəflə sıfır emissiyalı avtomobillərə keçid üçün aydın çərçivə müəyyən etmişik”, - deyə bildirib.
Bu konsepsiyanın tənqidçiləri iddia edirlər ki, Avropa Komissiyasının məqsədləri sadəcə olaraq qeyri-realdır, yanlış müddəalara əsaslanır və heç bir halda qeyd olunan vaxt çərçivəsində həyata keçirilə bilməz.
Deputatlar bu məsələ ilə bağlı qarşıdakı iclaslarının birində qərar qəbul etməyi planlaşdırırlar.