Arayik yalan danışır: Xankəndidə bayrağımız dalğalanacaq

Aktual

08.02.2021 - 23:26

Deputat: “Arutunyan sosial şəbəkələri müharibə vasitəsinə çevirməklə, Azərbaycan xalqının əldə etdiyi tarixi zəfərə kölgə salmağa çalışır”

 

Politoloq: “Türklər ruslara, ruslar da ermənilərə izah edirlər ki, separatçı rejim çox yaşaya bilməz”

 

Son günlər həm Azərbaycan ictimaiyyətində, həm də Ermənistan mətbuatında qondarma “DQR”-in “ordusu” və “rəsmi qurumları”nın ləğvi barədə məlumatlar yayılmağa başlayıb. Həmçinin, yayılan məlumatlarda Xankəndidə Azərbaycan bayrağının dalğalanması və qondarma rejimin geri çəkildiyi bildirilib. Xüsusən də, bir neçə gün bundan əvvəl fransalı juranistlərin Rusiya sülhmrəmlıları tərəfindən Qarabağa buraxılmaması və bunun üçün Azərbaycan tərəfindən icazə alınmasının tövsiyə edilməsi bu iddiaların artmasına səbəb olub.

 

Lakin qondarma rejimin “rəhbəri” Arayik Arutunyan yayılan məlumatları təkzib edib: “Ələlxüsus da erməni dairələrində “Artsax” ətrafında yayılan məlumatlar, xüsusən də “ordu” və “xarici işlər nazirliyinin” ləğvi, Qırmızı Bazar-Şuşa yolundan imtina etməyimiz, həmçinin Xankəndidə Azərbaycan bayrağının qaldırılacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. “Artsax respublikası”nın bütün “orqanları” işləyir və işləməyə davam edəcək. Təəssüf ki, bunu istəməyənlər arasında erməni millətinin nümayəndələri də var”.

 

Bəs, separatçı rejim rəhbərinin açıqlamasını necə başa düşmək olar? Azərbaycan tərəfinin hadisələri xeyrinə çevirmək istədiyi bir vaxtda, separatçı rejim rəhbərinin çərənləməsi nəyə hesablanır?

Image result for hikmət babaoğlu

Separatçı rejim “rəhbəri”nin açıqlamasını AYNA-ya dəyərləndirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, siyasi elmlər doktoru Hikmət Babaoğlu Arayik Arutunyanın hərbi cinayətkar olması ilə yanaşı, həm də təxribatçı olduğunu bildirib: “Arutunyan hər zaman Azərbaycanın informasiya məkanına və onun mühakiməsinə hesablanmış müxtəlif təxribatçı açıqlamalar verməklə, Azərbaycan ictimai rəyində narahtçılıq yaratmağa çalışır. Onun açıqlamalarının heç bir əsası yoxdur, çünki o, sadəcə olaraq heç bir rəsmi statusu olmayan yalançı qurum tərəfindən təxribatçı bəyanatlar səsləndirməklə məşğuldur”.

 

“Məlum olduğu kimi, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda heç bir qurumdan və qurum rəhbərindən söhbət getmir. Belə olan halda, A.Arutunyan sosial şəbəkələri müharibə vasitəsinə çevirməklə, Azərbaycan xalqının əldə etdiyi tarixi zəfərə kölgə salmağa çalışır. Yəni, separatçı rejim rəhbəri Azərbaycan ictimai rəyində və təfəkküründə formalaşmış qalib xalq obrazını həzm edə bilmədiyi üçün mənfi impluslar ötürməklə bu qələbənin dəyərini endirməyə çalışır. Ona görə də, mən düşünürəm ki, bu açıqlamalara diqqət yetirməklə yanaşı, əhəmiyyətli və ciddi bir açıqlama kimi qəbul etməmək lazımdır”,- deyə millət vəkili vurğulayıb.

 

Müsahibimiz hazırda bu istiqamətdə müəyyən proseslərin getdiyini də əlavə edib: “Mən əminəm ki, proseslərin sonunda Arutunyan və Azərbaycan xalqına qarşı cinayət törədən digərlərinin hüquq müstəvisində mühakiməyə cəlb edildiyini görəcəyik. Ona görə də, hesab edirəm ki, bu açıqlamanın heç bir əhəmiyyəti yoxdur və bu kimi fikirlər sadəcə olaraq Azərbaycan informasiya məkanında intiriqa yaratmaq və gündəm təyin etmək cəhdlərindən ibarətdir. Azərbaycanın informasiya platformaları o qədər intelektual və siyasi baxımdan yetkindir ki, əminəm ki, onun bu çarəsiz cəhdlərini başa düşür və diqqətə almır”.

Image result for İlqar Vəlizadə

“Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə isə hər iki tərəfdə müəyyən ziddiyyətlərin olduğunu bildirib: “Təbii ki, bizim tərəfdən bunu başa düşmək olar ki, biz Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə proseslərin bizim xeyrimizə daha sürətlə getməsini istəyirik. Amma bəzi hallarda, istəklə real vəziyyət uzlaşmır. Yəni, bəzi ictimai fəallar sosial şəbəkələrdə hadisələri qabaqlayaraq, bir qədər fərqli mənzərə yaradırlar. Qarşı tərəf isə açıq-aşkar yalan danışır. Yalan da ondan ibarətdir ki, erməni mətbuatı yazır ki, Qarabağda yerləşən silahların Ermənistana aparılıb, anbarlar boşaldılır və s. Arutunyan isə bunu heç vaxt etiraf etməsə də, reallıq belədir. Buradan da Arutunyanın yalan danışdığı və daxili auditoriyaya oyandığı hiss olunur.”

 

“Məsələn, son hadisələrə nəzər salaq. Bu yaxınlarda  fransalı jurnalistlər regiona daxil olmaq istəsələr də, rus sülhməramlılar onları geri qaytarmış və bunun üçün Azərbaycan tərəfindən icazə almağın lazım olduğunu bildirmişdilər. Çünki Azərbaycan bu məsələdə qəti mövqeyini ortaya qoyub. Buna görə də qondarma rejimin nümayəndələri vəziyyəti tam fərqli istiamqətdə ictimaiyyətə təqdim edirlər. Ermənistan tərəfi onların əleyhinə olan məsələləri açıqlamaq istəmir, çünki bu məsələlər ən azından daxili proseslərə mənfi təsir edə bilər, müxalifət güclənə bilər və s. Müaxlifət istəyir ki, baş verənlərdən ajotaj yaransın və son nəticə etibarı ilə Paşinyan devrilsin”, - politoloq vurğulayıb.

 

O, həm diplomatik, həm hərbi, həm də siyasi müstəvidə proseslərin davam etdiyini əlavə edib: “Bildiyimiz kimi, artıq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də fəaliyyətə başlayıb və vəziyyətə nazarət edirlər. Yəni, bu istiqamətdə də müəyyən işlər gedir. Məsələn, türklər ruslara, ruslar da ermənilərə izah edirlər ki, separatçı rejim çox yaşaya bilməz. Təbii ki, biz istəyərdik, bizim məcburi köçkünlərimiz tezliklə Xankəndiyə, Xocalıya, Xocavəndə qayıtsın və həmin ərazilərdə Azərbaycan bayraqları dalağansın. Lakin səbr etmək və gözləmək lazımdır. Yəqin ki, bunlar da tədircən reallaşacaq”.

Müəllif: Mərahim Nəsib