Ara, sən Azərbaycan liderinə vədini xatırladırsan, amma "unudursan" ki...

Aktual

03.10.2023 - 10:15

Xunta başçıların öz ölüm hökmlərini özləri imzaladılar, artıq heç bir amnistiyadan söhbət gedə bilməz

Azərbaycana qarşı cinayətlər törətmiş Qarabağ separatçı xuntasının nümayəndələrinin həbsi Azərbaycan dövlətinin düşmənlərinə rəğbət bəsləyən insanlarda acı reaksiyaya səbəb olub. Onlardan biri, Ermənistan parlamentinin keçmiş sədri (2017-2019) Ara Babloyan hətta Azərbaycan Prezidenti İlham Əliyevə açıq məktub yazmağa cürət edib.

Babloyan günahsız körpə quzu rolunda çıxış edərək, müraciətində qeyd edib ki, o, uşaq cərrahı olduğu halda, Ermənistan və Azərbaycan sakinləri eyni ölkənin vətəndaşı olanda minlərlə körpənin, o cümlədən yüzlərlə azərbaycanlı uşağın həyatını xilas edib. Həmçinin qeyd edib ki, Ermənistan parlamentinin sədri kimi həm erməni, həm də Azərbaycan tərəfdən 18-20 yaşlı gənclərin yalnız ölkə rəhbərliyinin məsələləri sülh yolu ilə, siyasi yolla həll etməkdə uğursuzluğa düçar olması səbəbindən həlak olması faktının qəbuledilməzliyini vurğulayan bəyanatla çıxış edib.

Azərbaycanla barışıq tərəfdarı kimi görünməzdən əvvəl onun yaddaşını təzələməyin Babloyana da ziyanı olmaz. Belə ki, 2017-ci ildə Qarabağ xuntasının o vaxtkı “parlamentin spikeri” Aşot Qulyanı qəbul edərkən “Qarabağ xalqı öz müqəddəratını təyin edir, Ermənistan isə onların təhlükəsizliyinə və iradəsini azad ifadə etməyə təminat verir” deyib. O, deyirdi ki, Bakı ilə danışıqlarda “Qarabağın Azərbaycanın tərkibində olmasının nəzəri imkanlarını da istisna etmək” lazımdır.

İndi açıq məktubda Azərbaycan liderinə Qarabağ xuntasının nümayəndələrinə silahlarını yerə qoymaq şərti ilə amnistiya vədini xatırlatmağa cəsarət edir: “Mən sizə verdiyiniz sözü xatırlatmaq və vurğulamaq istəyirəm ki, həm ölkə Prezidenti, həm də kişi kimi ona əməl etməlisiniz. Siz Dağlıq Qarabağ ermənilərinin qarşısında şərt qoymusunuz ki, silahı yerə qoysunlar və hökumət strukturlarını ləğv etsinlər. Bunun müqabilində hamı üçün amnistiya vəd etdiniz ki, bu, bir sıra aparıcı dünya dövlətlərinin rəhbərləri tərəfindən böyük həvəslə qəbul edildi. İndi də insanlar silahlarını yerə qoyub, bununla da hər iki tərəfdən çoxlu yeni qurbanların qarşısını alınıb, Dağlıq Qarabağın prezidenti dövlətin buraxıldığını elan edib, 100 minə yaxın erməni Dağlıq Qarabağı tərk edib və bütün bu torpaqlar Azərbaycana keçib, lakin təəssüf ki, amnistiya hələ elan olunmayıb. Ümid edirəm ki, mənim bu məktubum sizdə nəcibliyi oyadacaq və söz vermiş prezident kimi siz yeni həbslər, əsarət və yeni təhqirlərdən sonra deyil, elə indi, heç bir şərt qoymadan amnistiya elan edəcəksiniz”.

Azərbaycan Prezidenti öz sözünün ağasıdır. Nəyi, nə vaxt və necə edəcəyini bilir. Və buna görə də rəsmi saxtakarlıq edərək özünü biabır edən Ermənistan parlamentinin keçmiş sədrinin xatırlatmasına ehtiyac yoxdur.

İlham Əliyev bu il mayın 28-də Laçında çıxış edərkən bunları deyib: “Hamı bilir ki, bu gün bizim həmin rayonda (Qarabağda - red.) istənilən əməliyyatı keçirmək imkanımız var. Ona görə də “parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri artıq öz postlarını tərk etməlidirlər. Yalnız bu halda onlar üçün güzəştə getmək olar. Yalnız bu halda istənilən amnistiyadan danışmaq olar”.

Azərbaycan Prezidenti sentyabrın 19-20-də, Azərbaycan Ordusu yerli antiterror tədbirləri həyata keçirənə qədər Qarabağ xuntasının rəhbərlərinə amnistiya təklif edib. Yəni bu tədbirlərdən əvvəl o, dəfələrlə Qarabağ xuntasını silahı yerə qoymağa dəvət edib və buna cavab olaraq Azərbaycan Ordusunun mövqeləri qarşısında çoxsaylı silahlı təxribatlar, minaların quraşdırılması, uzunmüddətli istehkamlar yaratmaq cəhdləri olub. Bundan əlavə, Azərbaycan hakimiyyəti Qarabağ xuntasının nümayəndələrini başlayan dialoqu davam etdirməyə dəvət etsə də, sonuncular bundan imtina edirdi.

“Mənim nümayəndəm gedib onlarla ilk görüşü keçirdi (1 mart 2023-cü il), ondan sonra biz onları dialoq üçün (Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələləri ilə bağlı) Bakıya dəvət etdik. Onlar imtina etdilər. Bundan sonra onları ikinci dəfə Bakıya dəvət etdik. Onu da qəbul etmədilər. Üçüncü dəvət olmayacaq. Ya özləri başlarını aşağı salıb gələcəklər, ya da indi hadisələr başqa cür inkişaf edəcək”, - deyə Əliyev mayın 28-dəki çıxışında bildirib.

Azərbaycan lideri onu da xatırladıb ki, o, həm Azərbaycanda, həm də bütün dünyada, o cümlədən Ermənistanda sözünə həmişə sadiqliyi ilə tanınıb: “Əfv məsələsinə baxıla biləcəyini deyirəm, bu fürsəti əldən verməsinlər. Çoxlu imkanları əldən verdilər və hər dəfə, necə deyərlər, başlarına vurmalı olduq ki, ağılları başlarına gəlsin”.

Babloyan Əliyevin bu çıxışına diqqətlə baxmalıdır. Azərbaycan Prezidenti bəyan edib ki, separatçıların özlərini buraxması şərti ilə amnistiyaya baxıla bilər. Qarabağ xuntası Azərbaycan rəhbərinin təklifini rədd etdi və yalnız Azərbaycan Ordusunun hərəkətə keçməsindən sonra təslim oldu.

Və Babloyanın indi acınacaqlı şəkildə Azərbaycan Prezidentinə müraciət etməsinə, bu vədi xatırlatmasına ehtiyac yoxdur. İlham Əliyevin sözlərinə məhəl qoymayan Qarabağ xuntası öz ölüm əmrini özü imzaladı. İndi isə hər hansı amnistiyadan söhbət gedə bilməz. Azərbaycan xalqına qarşı cinayət törədənlər məhkəmə qarşısına çıxaraq layiq olduqları cəzanı alacaqlar.

Müəllif: Asif Aydınlı