Ankara NATO tələbində israrlıdır: ya verilmiş vəd, ya rədd

Siyasət

05.07.2023 - 14:24

Deputat: “Onlar Alyansa üzv olmaq istəyirlərsə, Türkiyənin şərtlərini yerinə yetirməlidirlər”

Politoloq: “Türkiyə niyə İslamı təhqir edənlərin uğrunda döyüşməlidir?!”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İsveçin NATO-ya daxil olması ehtimalına münasibət bildirib. Türkiyə mətbuatına açıqlamasında Kurtulmuş İsveçin NATO-ya üzv olmasını “boş xəyal” adlandırıb. O, İsveçin Türkiyənin tələblərini yerinə yetirməkdən imtina etdiyini söyləyib.

TBMM sədri Türkiyə, İsveç və Finlandiya arasında üçlü razılaşmanın olduğunu da xatırladıb: “Bağışlayın, Türkiyə sözlərinə cavabdeh olan bir ölkədir. Nə deyirsə, nə vəd edirsə, yerinə yetirir. Amma biz həm də rəqiblərimizin sözünün üstündə durmasını istəyirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək boş xəyaldır”.

Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsveçin NATO-ya üzv olmaq şansını aşağı qiymətləndirmişdi. Güman edilir ki, Ankara xarici təzyiqlərə baxmayaraq, Stokholmun siyasəti səbəbindən öz prinsipial mövqeyinə sadiq qalacaq. İyunun 28-də İsveç polisi müsəlmanların Qurban bayramının ilk günü Stokholmun əsas məscidində “Quran”ın yandırılması ilə müşayiət olunan etiraz aksiyasına icazə verib. Avropa Birliyi hadisəni pisləsə də, ifadə azadlığını müdafiə etdiklərini vurğulayıb.

Qeyd edək ki, ötən ilin iyun ayında Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılığını ifadə edib. Bununla bağlı üç ölkənin xarici işlər nazirləri arasında memorandum imzalansa da, rəsmi Ankara tələblərinin icra olunmayağı təqdirdə bu iki ölkənin Alyans üzvü olmasına mane olacağını bəyan edib.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, Türkiyənin şərtlərini yerinə yetirməlidir: “Türkiyə NATO-nun üzvüdür və digər üzvlər kimi onun da yeni üzvlərin qəbulu zamanı qərar vermək hüququ var. Məlumdur ki, hər iki ölkədə - həm İsveçdə, həm də Finlandiyada terror təşkilatlarına bağlı qüvvələr üçün münbit şərait yaradılır. Özü də bu, rəsmi səviyyədə həyata keçirilir. Adıçilən ölkələrin hökumətləri bu qüvvələrə sərbəst fəaliyyət imkanı tanıyırlar. Bu, təkcə Türkiyəyə yox, bütün dünyaya qarşı təhlükə vəd edir”.

“Rəsmi Ankara dəfələrlə xəbərdarlıq etsə də, onun çağırışlarına məhəl qoyulmur. Eyni zamanda, İsveç və Finlandiyada insanların heysiyyatı ilə oynayan, İslam dininin təhqir olunmasına yönəlik təxribatlar törədilir. Bununla bağlı da Türkiyə xəbərdarlıq edir və bu cür təxribatçı hərəkətlərə son qoyulmasını tələb edir. Buna da məhəl qoymurlar”, - deyə deputat bildirib.

Mollazadə xatırladıb ki, Türkiyə ötən il İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib: “Amma tələb edib ki, hər iki ölkə Türkiyənin haqlı tələblərini yerinə yetirməlidir. Onlar kağız üzərində bu şərtləri qəbul etdiklərini və tələbləri yerinə yetirəcəklərini bəyan edirlər. Reallıqda isə bunlar baş vermir. Bununla bağlı imzalanan memorandumda aydın şəkildə göstərilirdi ki, İsveç və Finlandiya üzərinə götürdüyü öhdəliklərə əməl etməsə, Türkiyə onların NATO-ya üzvlüyünə razılıq verməyəcək. Hesab edirəm ki, Türkiyənin mövqeyi əsaslıdır və bu cür tərbixatçı fəaliyyətlər Avropanın, eləcə də dünyanın gələcəyi üçün potensial təhlükələr yaradır”.

Beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Murad Sadəddinov da AYNA-ya şərhində söyləyib ki, Türkiyənin tələbləri reallığı və ədaləti əks etdirir: “NATO-nun Nizamnaməsinin 5-ci bəndində qeyd edilir ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvləri bir-birinə qarşı hərbi təcavüz olacağı təqdirdə, birlikdə hərbi mübarizə aparmalıdırlar. Bu, o deməkdir ki, İsveç və Finlandiya NATO-ya üzv olsalar, onlarla bağlı hər hansı təhlükə yaranacağı halda, Türkiyə ordusu da onlarla birlikdə döyüşməlidir. Yəni, bu, məcburidir”.

“Bu halda sual olunur: Türkiyəyə qarşı terror törədən təşkilatlara bağlı qüvvələri dəstəkləyən, rəsmi səviyyədə onlara şərait yaradan, İslam dininin təhqirinə, onun müqəddəs kitabının yandırılmasına şərait yaradan bir ölkənin uğrunda Türkiyə niyə döyüşməlidir? Türkiyə aydın şəkildə deyir ki, “əgər bizimlə birlikdə olmaq istəyirsinizsə, təxribatçı əməllərinizə son qoyun”. Onlar kağız üzərində bəyan edirlər ki, “tələbləri yerinə yetirəcəyik”. Sonradan daha da qəddarlaşırlar. Bu baxımdan Türkiyənin qərarı tam haqlıdır”, - deyə həmsöhbətimiz vurğulayıb.

Sadəddinovun sözlərinə görə, Türkiyə NATO ölkələrini beynəlxalq hüquq normalarına əməl etməyə dəvət edir: “Çox təəssüf ki, digər dövlətlər bu özbaşınalığa və təxribatçı hərəkətlərə gözə yumur. Unudurlar ki, terrorizm bəşəriyyətə təhdid yaradır. Əgər İsveç və Finlandiya özünü normal, demokratik ölkə sayırsa, terrorizmin təbliğinə imkan verməməli, buna şərait yaratmamalı, bu əməli törədənləri cəzalandırmalıdır. Onlar isə nəinki bunu etmir, rəsmi səviyyədə bu cür təhlükəli fəaliyyətə münbit şərait yaradır, rəvac verirlər”.

Müəllif: Azər Niftiyev