"32 ildir, o, bu postun həsrətini çəkir"
“Elə bilirdilər ki, Yazıçılar Birliyinə ayrılan vəsaitin hamısı yardıma getməlidir. Yardıma gedə bilməz axı. Başqa işlər də var. Ədəbiyyatın inkişafı üçün verilib də, yardım üçün verilməyib ki. Özü də bura “Sovbes“ deyil axı, yaradıcılıq təşkilatıdır. Biri gəlir ki, “xəstəyəm”, biri gəlir “qohumum ölüb”. İmkan daxilində çalışırıq verək, amma bu pul rezin deyil axı. Kim ki, ala bilmir, başlayır ki, “ciblərinə qoydular”. Kim cibinə qoyur? Boş söhbətdir hamısı”.
AYNA xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a verdiyi müsahibədə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.
O, yazıçı Əkrəm Əylislinin “80 yaşdan sonra vəzifə haqda düşünmək insanın öz-özlüyündə mənəvi yoxsulluğunun göstəricisidir” fikrinə münasibət bildirib: “Onun mənəvi yoxsulluğu bütün Azərbaycana məlumdur. Ona görə mən onun mənəvi varlığı və yoxluğu haqqında heç bir şey demək istəmirəm. Onun kim olduğunu bütün Azərbaycan gördü”.
Anar iddia edib ki, Ə.Əylisli onun vəzifəsinin həsrətindədir: “32 ildir mən bu postda oturmuşam, 32 ildir o, bu postun həsrətini çəkir. Bu da mənə qəribə gəlir. Xahiş edirəm, belə də yazın.
Hamısı buna görədir ki, mən niyə burada oturmuşam, o oturmalıydı. Oturub işləyəydi də. “Yazıçı” Nəşriyyatını satdı, batırdı. Mən bir dəfə dedim, yazıçıların bir dənə nəşriyyatı var idi, onu da batırdı, satdı, ləğv olundu, getdi. Deyir Yazıçılar İttifaqı büdcəyə salınmışdı, ona görə qaldı. Bəli! Sən də oranı büdcəyə salaydın da! Sənin nüfuzun mənimkindən az idi? Elə səni deputatlığa dürtəndə deyəydin ki, “Yazıçı” Nəşriyyatını da büdcəyə daxil edin. Demədin ki? Yaxşı, onda nə istəyirsən bizdən? Yazıçılar Birliyini də, onun ədəbi orqanlarını da biz saxladıq. Sən nəyi saxlaya bildin? Ancaq həsəd, ancaq paxıllıq, ancaq həmişə əleyhimə nələrsə demək... Adam yazıçı kimi iflasa uğrayanda başlayır özgələrinə söz atmağa, vəssalam!
Əkrəmin bədbəxtliyi və yazıçı kimi iflasa uğraması xasiyyətinin üç naqis cəhətiylə bağlıdır. Dəhşətli dərəcədə şöhrət hərisidir. İkincisi, hamının hər uğuruna dəhşətli paxıllıq edir, üçüncüsü də özü haqqında, yazıları haqqında ifrat dərəcədə yüksək fikirdədir. “Burada mənəm, Bağdadda kor xəlifə” desəydi dərd yarıydı. Burda da mənəm, Bağdadda kor xəlifə də elə mən özüməm” deyir”.
Xalq yazıçısı AYB-yə yenidən sədr seçiləcəyi ilə bağlı suala belə cavab verib: “Mən hazırlaşmıram. Əgər yazıçılar istəyərlərsə, son dəfə də sədr olmağa razılaşaram, ömür vəfa eləsə... Son dəfə! Çünki daha yaşım da ötür. Yox, istəməzlər, adlarını çəkdiyiniz var e, onların nüfuzları daha çoxdursa, onları daha çox tanıyırlarsa, daha çox sevirlərsə, ədəbiyyata daha böyük xidmətlər göstərmişlərsə, onların ya birini, ya da üçünü bir yerdə seçsinlər. Çünki kimi seçsələr qalanları hamısı narazı olacaq.
Anar bildirib ki, o, AYB-də işlədiyi müddətdə qurumda demokratik şərait həmişə olub, indi də var.