Amnistiya Aktı qəbul olundu: qərar bu gün qüvvəyə minir

Aktual

05.11.2021 - 13:31

Vitse-spiker: “Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir"

Parlamentin bu gün keçirilən iclasında “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi müzakirə olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiyanın elan olunması təşəbbüsü ilə çıxış edib. Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə görə bu aktın ən böyük amnistiya olacağı ehtimal edilir.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərkən deyib ki, amnistiya qərarı Prezidentin tapşırığı əsasında bir müddətdir hazırlanırdı: “Qərar layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2 noyabr iclasında geniş formada müzakirə edildi. Bu Amnistiya Aktı da çox dürüst hazırlanıb. Sənəd 4 hissədən ibarətdir. Preampulada 8 noyabr - Şuşa şəhərinin işğaldan azad olunmasının əhəmiyyəti əks olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın və Zəngəzurun erməni işğalından azad edilməsi xatırlanıb. Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı erməni təcavüzündən zərərçəkən əhalinin yaxınları və qohumları da bu amnistiyaya aid ediləcək”.

“Amnistiya qərarının 2-ci hissəsi özündə məhdudiyyətləri əks etdirir. 1994-cü ildən Amnistiya aktının məhdudlaşdırılması ilə bağlı qanun var. Cinayət Məcəlləsinin bir sıra maddələrinə amnistiya tətbiq edilməsinə məhdudiyyətlər mövcuddur. Biz əminik ki, Amnistiya Aktı qərarı bu gün qüvvəyə minəcək və insanlar azadlığa çıxmağa başlayacaqlar. Azərbaycanın məhkəmə, hüquq-mühafizə orqanları tərəfindən bu qərarın daha tez icrası təmin ediləcək. Eyni zamanda, amnistiyaya düşən şəxslərin sosial reabilitasiya məsələləri də əksini tapıb.

Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir", - deyə Ə.Hüseynli qeyd edib.Deputatlar Amnistiya Aktını müsbət qeyd edərək bildiriblər ki, bu, ölkə rəhbərliyinin növbəti humanist addımı kimi qiymətləndirilməlidir. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu