Amerikalı ekspert: “Moskva Cənubi Qafqazdakı strategiyasını tamamilə dəyişməli oldu”

Aktual

24.04.2024 - 15:59

Metyu Orr: “Ermənilərin Qarabağa qayıdacağı inandırıcı deyil, məsələ praktiki olaraq bitib”

“Azərbaycan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını Ermənistana təzyiq, o cümlədən hərbi təzyiq üçün heç bir maneənin olmaması kimi qəbul edə bilər”. AYNA xəbər verir ki, bu sözləri Amerika kəşfiyyat və analitik mərkəzi “Stratfor”un analitiki Metyu Orr “Power Factor” proqramında deyib.

Analitik qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılmasının birinci səbəbi resurslarla bağlıdır: “Düzdür, Rusiya üçün Qarabağdakı hərbi resurslar kiçikdir, lakin hələ də başqa yerlərdə, o cümlədən şimalda və Ukrayna cəbhəsində onlara ehtiyac var”.

“Rusiya üçün ikinci, daha vacib səbəb Cənubi Qafqazda yeni strategiya çərçivəsində azərbaycanlılara nə qədər güvəndiyini və onların münasibətlərinin nə qədər sıx olduğunu göstərməyə mümkün qədər hazır olduğunu göstərməkdir. Bu, Rusiyadan Ermənistana yönəlmiş siqnal idi. 2020-ci ilin noyabrın 10-da imzalanmış Üçtərəfli Birgə Bəyanat icra olunmayandan sonra Rusiyanın əvvəlki strategiyası tamamilə iflasa uğradı. Bundan sonra Moskva bütünlüklə Azərbaycan və Türkiyə ilə sıx münasibətlərə əsaslanan Cənubi Qafqazda strategiyasını tamamilə dəyişməli oldu”, - ekspert qeyd edib.

Orr ermənilərin kütləvi şəkildə Qarabağa qayıdacağını düşünmür: “Bu, inandırıcı deyil. Məncə, məsələ praktiki olaraq bitib”.

Müəllif: Ayna.az