Şolts hökumətə etimad məsələsini Bundestaqda səsverməyə çıxaracaq
Almaniyada Almaniya Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP) və Birlik 90/Yaşıllardan ibarət hakim koalisiya dağılıb. AYNA xarici mediaya istinadən bildirir ki, Almaniya kansleri Olaf Şolts 2025-ci ilin mart ayında növbədənkənar seçkilər keçirə bilmək üçün hökumətə etimad məsələsini yanvarın 15-də Bundestaqda səsverməyə çıxaracaq. Şolts bu barədə qərarı noyabrın 6-da axşam elan edib.
Kansler deyib ki, Almaniyanın gələcək siyasət istiqaməti ilə bağlı aydınlığa ehtiyacı olması barədə vitse-kansler Robert Habeklə razılaşır. Milad bayramına qalan həftələrdə Şolts Bundestaqda sürətlə qəbul edilməsini tələb edən bütün qanun layihələrini, xüsusən də sənayeyə təcili dəstək, habelə pensiyaların sabitləşdirilməsi tədbirləri ilə bağlı səsverməyə çıxarmaq niyyətindədir.
Bundan əvvəl Şolts FDP sədri olan maliyyə naziri Kristian Lindnerin vəzifəsindən azad edildiyini açıqlamışdı.
Lindnerin özü həmin axşam “Qırmızı-yaşıl-sarı” koalisiyanın dağılmasında Şoltsu günahlandırdı. O, FDP-nin yeni seçkilərdən sonra başqa hökumətdə Almaniyanın taleyi üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.
Bu yaxınlarda Kristian Lindner partiyasının iqtisadi siyasətlə bağlı siyasi sənədini təqdim etməklə hakim koalisiyada yeni mübahisələrə səbəb oldu. Orada FDP lideri şirkətlər üçün vergilərin azaldılması, iqlim tənzimləmələrinin və qaydaların yumşaldılması, subsidiyaların və sosial müavinətlərin azaldılması yolu ilə “qismən əsas siyasət qərarlarının əsaslı şəkildə yenidən qurulması ilə iqtisadi dönüşə” çağırıb.
Sosial Demokratlar və üçüncü koalisiya tərəfdaşı Yaşıllar Partiyası Lindnerin təşəbbüsünü kəskin tənqid ediblər. Maliyyə Nazirliyinin rəhbəri özü də ehtiyatsızlıqdan danışıb: mübahisəyə səbəb olan sənəd guya geniş ictimaiyyət üçün belə nəzərdə tutulmayıb. Buna baxmayaraq, müzakirələr qızğın gedir - xüsusən də müxalifət növbədənkənar seçkilərin keçirilməsinə çağırışlar edir.