“Allahın suyu” üstündə dartışma: biri pul, digəri insaf, üçüncü tərəf də ədalət tələb edir

Cəmiyyət

01.04.2022 - 14:22

Ekspert: “Birinin çaydan istədiyi şəkildə istifadə etməsini, 50 km uzaqdakı digərinin isə susuz qalmasını Allah ədalətli hesab etməz”

Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) sudan ödənişli istifadə ilə bağlı yenilikləri açıqlayıb. Nazir müşaviri Rasim Səttarzadə deyib ki, bu günədək ölkədə suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəyə təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi. Onun sözlərinə görə, sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən qərarı AYNA-ya şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov söyləyib ki, yeni qaydalara görə, müxtəlif texniki vasitələrlə, eləcə də avadanlıqlardan istifadə etməklə yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər suyun həcminə görə ödəniş edəcəklər: “Texniki qurğulardan istifadə etmədən su götürmə isə pulsuz olacaq. Eyni zamanda çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması kimi hallar üçün ödəniş nəzərdə tutulmur. Ümumiləşdirəsi olsaq, deyə bilərik ki, hamı üçün istifadəsi mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə istifadəsi ödənişsiz olaraq qalacaq. Onu da qeyd edim ki, su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq”.

Həmsöhbətimizin fikrincə, sudan səmərəli istifadə baxımından bu qərarı müsbət qiymətləndirmək olar: “Kimsə bu qərarın müsbət tərəfi olmadığını deyirsə, deməli, birinin çayın mənbəyində oturub çayın suyunu səmərəsiz axıtmağını, digərinin isə 50-60 km uzaqda qurumuş çaydan nə özünə, nə də mal-qarasına su götürə bildiyini ədalətli hesab edir”.

O bildirib ki, Cənubi Qafqazın su ehtiyatlarının 90%-i erməni və gürcülərin ixtiyarındadır: “Bizə cəmi 10% pay qalır. Bunun da 75%-i transsərhəd sularının payına düşür, yəni qonşu ölkələrin istifadə edib bizə buraxdığı çaylardan asılıyıq. Odur ki, su ehtiyatlarından səmərəli (həm də ədalətli) istifadə edilməsi üçün ciddi mexanizmə ehtiyac var. Bu qərar özünü necə doğruldacaq - bunu zaman göstərəcək. Amma hazırkı durumda su ehtiyatlarından necə gəldi istifadə edilməsinin qarşısının alınması üçün nəsə etmək mütləq idi”.

“Çünki iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf tendensiyası, kənd təsərrüfatı sahələrinin genişlənməsi, eləcə də əhali sayının artması suya olan tələbatı gündən-günə artırır. Buna görə də bəzi ölkələrdə suya təbii sərvət kimi yanaşaraq dəyər müəyyən edilib. Bəzi ölkələrdə isə belə bir dəyər müəyyənləşdirilmədiyi üçün sudan qənaətlə istifadə edilməsini təmin etmək, eyni zamanda suyun dəqiq hesabatını aparmaq mümkün olmur”, - deyə eskpert vurğulayıb.

Əmirovun dediyinə görə, hələlik qərarın mənfi qarşılanması sudan istifadə ilə bağlı yanaşmaya görədir: “İnsanlar evlərinin yanından axan çaydan nasosla su vurub təsərrüfat fəaliyyətlərində istədikləri kimi istifadə edə bilməyəcəkləri üçün qərardan məyusluq duymaları təbiidir. “Niyə Allahın suyunu da doyunca istifadə edə bilmərik?”, - deyə sual da gözləniləndir. Amma gəlin etiraf edək ki, birinin çaydan necə gəldi istifadə etməsi, 50 km uzaqdakı digərinin susuz qalmasını da Allah ədalətli hesab etməz, yaxud da çayın başında oturan bir kəndin fermeri çaydan su götürəndə bir qəpik ödəmirdi. Amma suyu kanallardan götürən o biri kəndin fermeri hər min kubmetr üçün pul ödəyirdi. (Çay pulsuz, kanal pulludur) Təbii ki, bu ikili yanaşma da doğru deyildi”.

Mənfi tərəflərinə gəldikdə, müsahibimiz qeyd edib ki, bu, tariflər müəyyən oldunduqdan sonra bilinəcək: “Hələlik tariflər müəyyən edilməyib. Amma qiymətlər o qədər minimal həddə müəyyən edilməlidir ki, təsərrüfat subyektlərinin fəaliyyətinə mənfi təsir etməsin. Əsas da kənd təsərrüfatına zərər vurmasın. Onsuz da günü-gündən qiyməti artan kənd təsərrüfatı məhsullarının qiymətinin daha da bahalaşmasına səbəb olmasın. Bir sözlə, qaş düzəldən yerdə göz çıxarmayaq. Suya qənaət edilməsinə təşviq etmək üçün ən minimum həddə məbləğ müəyyən etmək olar. Məbləğ 3-5 qəpik olsa belə, pul ödəyən insan suyun havayı olması və nə qədər istəsən, axıda bilməsi düşüncəsindən daşınacaq”.

Mütəxəssisin fikrincə, ən vacib məsələ tariflərin differensasiyasıdır: “Müxtəlif qiymət kateqoriyalarının yaradılması ən vacib məsələlərdəndir. Burada tariflərin müəyyənləşdirilməsi üçün 3-5 kateqoriyaya bölünməsi yetərli olmayacaq. Tariflər həddən artıq differensasiyalı olmalıdır: suyun keyfiyyəti, istifadəyə görə təyinatı, suyun götürülmə və nəqledilmə üsulları, şəhər, kənd, transsərhəd çayları, daxili çaylar, qapalı hövzələr, yeraltı sular, sənaye, kənd təsərrüfatı məqsədli, ev təsərrüfatlı, kənd sakinlərin adi məişətdə istifadəsi üçün, əhali kateqoriyaları və sair və ilaxır. Ciddi təhlillər əsasında üst tarif kateqoriyaları və onların özlərinin alt kateqoriyaları yaradılmalıdır. Bir sözlə, əgər sudan ödənişli istifadənin tətbiq edilməsində əsas məqsəd su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması və suyun dəqiq uçotunun aparılmasıdırsa, o zaman tariflər ən minimum səviyyədə müəyyən edilməlidir. Əks halda bu qərarın təsirləri ürəkaçan olmaya bilər”.

Müəllif: Aləmdə Nəsib