Şarl Mişel: “Hər iki ölkə öz Avropa yolunda həlledici məqamla üz-üzədir”
Gürcüstandakı vəziyyət Avropa İttifaqının (Aİ) Brüsseldə keçirilən iki günlük sammitinin mövzularından biri olacaq. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel sammitdən əvvəl Aİ liderlərinə ünvanladığı məktubda bildirib.
“Aİ Şurası bir sıra xarici siyasət məsələlərini, o cümlədən Moldova və Gürcüstandakı vəziyyəti müzakirə edir. Hər iki ölkə öz Avropa yolunda həlledici məqamla üz-üzədir”, - deyə Mişel qeyd edib.
Avropa mediası yazır ki, sammitdən sonra Aİ liderləri Gürcüstan hökumətinə rəsmi Tiflisin siyasi kursunu dəyişməsə, Brüsselin Avropaya inteqrasiyanı dayandıracağına dair siqnal göndərməyi planlaşdırır.
Sammitin digər mövzularına qarşıdan gələn prezident seçkiləri fonunda Moldovada vəziyyət, Aİ-nin miqrasiya siyasəti, eləcə də iqtisadi inkişafı məsələləri daxildir.
Gündəliyin mərkəzi mövzuları Ukraynadakı müharibə və Yaxın Şərqdəki vəziyyətdir.