“Təəssüf ki, sanksiyaların tətbiqi üçün bizə hələlik malik olmadığımız birliyə ehtiyacımız var”
Avropa İttifaqı (Aİ) Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması barədə qərar qəbul edib. Avropa Komissiyası (AK) yaxın vaxtlarda müvafiq təkliflə çıxış edəcək. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaja Kallas icmanın 27 ölkəsinin xarici işlər nazirlərinin birinci iclasının yekunlarına dair mətbuat konfransında deyib.
“Biz Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılması ilə bağlı razılığa gəldik”, deyə bildirən diplomat vurğulayıb ki, “AK gələn həftə Aİ-yə üzv dövlətlərə müvafiq təkliflə çıxış edəcək və sonra onu təsdiqləməli olacaq”.
Eyni zamanda, Kallas bildirib ki, Aİ ölkələri, ictimaiyyətin fikrincə, ölkədə repressiyalara və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan gürcü rəsmilərinə qarşı şəxsi sanksiyaların tətbiqi ilə bağlı razılığa gələ bilməyib: “Təəssüf ki, sanksiyaların tətbiqi üçün bizə hələlik malik olmadığımız birliyə ehtiyacımız var”.
Kallas Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyaların Macarıstan və Slovakiya tərəfindən bloklandığını təsdiqləyib. Lüksemburq və bir sıra digər ölkələr də Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasına qarşı sanksiyaların əleyhinə çıxış ediblər.
Avropa İttifaqı oktyabrda Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini şübhə altına alıb və respublika rəhbərliyini insan hüquqlarının və vətəndaş azadlıqlarının müdafiəsi prinsiplərinə uyğun gəlməyən qanunlar qəbul etməkdə ittiham edib. Bununla bağlı Brüsseldə Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin dayandırılması məsələsi qaldırılıb.