Əvvəlki yardımdan fərqli olaraq, yeni çatdırılmalar kommersiya əsasında həyata keçiriləcək
ABŞ Ukrayna ilə təbii sərvətlərlə bağlı müqavilə imzaladıqdan sonra Kiyevə 50 milyon dollar dəyərində silah satmaq niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə Ukraynanın “Kyiv Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, çatdırılma birbaşa satış yolu ilə həyata keçiriləcək. Nəşr qeyd edib ki, bu, Donald Trampın ABŞ Prezidenti kimi fəaliyyətə başlamasından sonra belə bir əməliyyat üçün ilk icazədir.
Əvvəlki yardımdan fərqli olaraq, yeni çatdırılmalar kommersiya əsasında həyata keçiriləcək. Nəşr bu halda hərbi yardımın ABŞ-ın Ukrayna ilə ortaq investisiya fonduna töhfəsi kimi sayılmasına imkan verən mineral sövdələşmə mexanizmindən istifadə edilib-edilməyəcəyini dəqiqləşdirməyib. Kiyevə verilməli olan xüsusi silah növlərinin adı da açıqlanmır.
Qeyd edək ki, mayın 1-nə keçən gecə ABŞ və Ukrayna təbii sərvətlərə dair saziş imzalayıblar. Onun tam mətni hələ dərc edilməyib. KİV-in məlumatına görə, sənəd Ukrayna üçün birbaşa təhlükəsizlik zəmanəti vermir, lakin ABŞ-ın gələcək hərbi yardımını Vaşinqtonun ümumi investisiya fonduna töhfəsi kimi hesablamağa imkan verir.