ABŞ Rusiya ilə silahlara nəzarəti müzakirə etməyə hazırdır

Dünya

01.08.2022 - 17:23

Co Bayden: “Danışıqlar vicdanlı tərəfdaş tələb edir”

ABŞ Rusiya ilə nüvə silahı da daxil olmaqla, yeni silahlara nəzarət sistemini operativ şəkildə müzakirə etməyə hazırdır. AYNA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib. Onun bəyanatının mətni Ağ Evin saytında dərc olunub.

“Bu gün mənim administrasiyam 2026-cı ildə başa çatan START 3-ü əvəz edəcək yeni silahlara nəzarət sistemi ilə bağlı danışıqlara sürətlə keçməyə hazırdır. Lakin danışıqlar vicdanlı tərəfdaş tələb edir”, - deyə Bayden bildirib.

Prezident xatırladıb ki, hətta soyuq müharibənin qızğın vaxtında Vaşinqton və Moskva dünyada strateji sabitliyi təmin etmək üçün birgə işləyə biliblər.

Amerika liderinin sözlərinə görə, indi Rusiya nüvə silahlarına nəzarət üzərində işi bərpa etməyə hazır olduğunu yenidən nümayiş etdirməli olacaq.

Bundan əlavə, Bayden hesab edir ki, nüvə silahına malik olan və müvafiq olaraq regionda və dünyada vəziyyətin sabitləşməsinə cavabdeh olan Çin də silahlara nəzarətin yeni sisteminin müzakirəsində iştirak etməlidir.

Qeyd edək ki, iyun ayında ABŞ Dövlət Departamenti rəhbərinin köməkçisi Mellori Stüart bildirib ki, Birləşmiş Ştatlar Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi (START-3) çərçivəsində Rusiyanın nüvə arsenalında məhdudiyyətləri saxlamaq istəyir.

Müəllif: Ayna.az