“Heqset Avstraliyanın hərbi xərclərini ən qısa zamanda ÜDM-nin 3,5%-nə qədər artırmalı olduğunu söylədi"
ABŞ Avstraliya hökumətindən müdafiə xərclərini ÜDM-in 3,5%-nə qədər artırmağı tələb edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Pentaqonun Mətbuat Xidmətinin məlumatında qeyd edilib.
Qeyd edilib ki, bu çağırışı ABŞ müdafiə naziri Pit Heqset avstraliyalı həmkarı Riçard Marleslə cümə günü Sinqapurda Şanqri-La Dialoq forumu çərçivəsində baş tutan görüşdə edib.
Marles artıq mediaya bildirib ki, amerikalı həmkarı onu hərbi xərcləri artırmağa çağırıb, lakin nə qədər olduğunu dəqiqləşdirməyib.
"Müdafiə xərcləri ilə bağlı nazir Heqset Avstraliyanın hərbi xərclərini ən qısa zamanda ÜDM-nin 3,5%-nə qədər artırmalı olduğunu söylədi", - Pentaqonun bəyanatında vurğulanıb.
Tərəflər həmçinin "Hind-Sakit okean regionunda təhlükəsizlik investisiyalarının uyğunlaşdırılması, ABŞ-ın Avstraliyadakı hərbi mövcudluğunun artırılması təşəbbüslərinin sürətləndirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və təchizat zəncirinin dayanıqlığının gücləndirilməsini" müzakirə ediblər.
Qeyd edək ki, Heqsetin elan etdiyi müdafiə xərclərinin səviyyəsi Alyans ölkələrinin hərbi büdcələrinin ÜDM-in 3,5%-nə qədər artırılmasını təklif edən NATO-nun baş katibi Mark Ruttenin təşəbbüsü ilə üst-üstə düşür. Bu təşəbbüsün iyunun sonunda NATO-nun Haaqada keçiriləcək sammitində müzakirə olunacağı gözlənilir.
Avstraliyanın müdafiə xərcləri ÜDM-in təxminən 2%-ni təşkil edir. Hökumət 2033-cü ilə qədər bu rəqəmi 2,3%-ə çatdırmağı planlaşdırır.