Ramil Məmmədli: “Biz yeni hərbi simaları tanıdıq, yeni ordu birliklərinin formalaşdığının şahidi olduq”
Elxan Şahinoğlu: “Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılması istisna deyil”
Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı sona çatdı. Azadlıq meydanında keçirilən hərbi paradda 3000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olundu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun hərbi qənimət kimi ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də meydanda idi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradı birgə izlədilər. Ölkə liderlərinin çıxışlarındakı mesajlar da diqqətdən yayınmadı. Ümumən, Zəfər paradı hansı nələrlə yadda qaldı?
Hərbi-siyasi icmalçı Ramil Məmmədli AYNA-ya şərhində Zəfər paradının öz fərqliliyi ilə digərlərindən seçildiyini deyib: “Paradda əsas məqam Azərbaycanın Vətən müharibəsində göstərdiyi şücaətin nümayiş edilməsi idi. Lakin Prezident İlham Əliyevin bəzi məqamlara toxunması onu deməyə əsas verir ki, Ermənistan Azərbaycan ərazilərinə bir də hansısa mənfur addım nümayiş etdirsə, onlara qarşı daha ciddi tədbirlər görüləcək. Yəni, əsas mesaj və xatırlatma bu idi. Həm də Azərbaycan Ordusunun daha da güclənəcəyinə dair ismarıclar verildi”.
“Bundan başqa, Silahlı Qüvvələrin xalqa təqdim edilən yeni zabitlərini gördük: Döyüş bayrağı kalonuna general-mayor Zaur Məmmədovun rəhbərlik etdiyinə şahid olduq, Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Dəstəsinin komandiri Zaur Quliyevlə tanış olduq, həmçinin, yeni 6-cı korpusun artıq formalaşdığını, müharibədə iştirak etdiyini bildik. Əsas məqamlardan biri də bu idi ki, ümumilikdə Azərbaycan Silahlı Qüvvələrinin döyüş-texnika parkını daha da gücləndirəcəyi bəlli oldu. Ali Baş Komandan da bununla bağlı öz qeydlərini etdi. Ki, Azərbaycan Ordusunun daha da güclənəcəyini və müdafiə imkanlarımızı daha da inkişaf etdirəcəyimizi vurğuladı. Hərbi paradda qazilərin keçid etməsi isə çox qürurverici idi”, - ekspert bildirib.
O, yeni silahların nümayiş edilməsinin də xüsusi marağa səbəb olduğunu vurğulayıb: “Xüsusən də “Bayraktar TB-2” pilotsuz uçuş aparatının (PUA) nümayiş etdirilməsi xüsusi marağa səbəb oldu. Həmçinin, digər silah sistemlərinin nümayişi də maraqla qarşılandı. Digər qürurverici və rəğbət yaradan məqam isə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin hərbi parada rəhbərlik etməsi idi. Hərbi paradın məğzi və məqsədi də bəlli idi – qalib Ordunun özünü nümayiş etdirməsi. Bunlar çox təqdirolunan məqamlardır”.
“O ki, qaldı Ermənistan ordusunun sıradan çıxarılmış texnikalarına, biz bu texnikaların kifayət qədər geniş arealı əhatə etdiyini gördük. Çünki nümayiş edilən texnikaların tərkibində həm artilleriya qurğuları, həm də zenit raket kompleksləri var idi. Əlbəttə ki, Ermənistan silahlı qüvvələrinin arsenalında olan texnikaların hamısı Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşikatına (KTMT) üzv olan ölkələrdən alınan silah və texnikalardır. Lakin bəlli olan odur ki, bu texnikalar özünü effektiv şəkildə göstərmədi və müasir döyüşün aparılması üçün faydalı silahlar sayılmadı. Hesab edirəm ki, Ermənistan ordusunun məhv olmasının əsas səbəblərindən biri də məhz düzgün texnologiyanaın seçilməməsi idi”, - deyə Məmmədli fikrini yekunlaşdırıb.
“Atlas” Araşdıralar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Zəfər paradı ilə bağlı fikirlərini AYNA ilə bölüşüb: “Parad həm Azərbaycanın qələbəsini, həm də Azərbaycan-Türkiyə ittifaqının güclənməsini tərənnüm etdirirdi. İki il bundan əvvəl də Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr edilən parad keçirilmiş, paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdi. Məhz həmin paradda həm İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan Azərbaycanın işağl altında olan torpaqlarını azad edəcəyi ilə bağlı mesajlar vermişdilər. Onlar bu vədlərini cəmi iki il sonra yerinə yetirdilər və yenə də yanaşı dayanıb dünyaya və iki ölkənin icitmaiyyətinə ciddi mesajlar göndərdilər”.
“Mesajlardan biri də bu idi ki, Azərbaycan möhtəşəm qələbə qazanıb, amma gələcəkdə iki ölkəni gözləyən başqa məsələlər də var ki, onların da həlli vacibdir. Üstəgəl, Ərdoğan Ermənistan cəmiyyətinə mesaj göndərdi ki, əgər dostluq və sülh istəyirlərsə, ərazi iddialarından vaz keçib, sağlam düşüncə ortaya qoysunlar. Bu halda, Ermənistanla münasibətlər normallaşa bilər. Çünki onlar çox böyük məğlubiyyətlə üzləşiblər, itkiləri böyükdür və onların bundan sonra Azərbaycan və Türkiyə ilə düşmənçiliyi davam etdirməsi böyük ağılsızlıq olar ki, bu da Ermənistanı daha bir uçuruma apara bilər. Hər halda, baxaq görək, gələcəkdə Ermənistan tərəfi hansı qərarlar verəcək”, - politoloq vurğulayıb.
Şahinoğlunun sözlərinə görə, paradda Azərbaycandan başqa, yalnız Türkiyənin iştirak etməsi də mühüm mesajdır: “Əsas mesajlardan biri də məhz bu idi ki, bundan sonra heç kim Azərbaycanla hədə-qorxu dil ilə danışa bilməz. Çünki danışsa, qarşısında Türkiyə-Azərbaycan ittifaqını görəcək. Bunu Rusiya da, İran da, başqaları da başa düşməlidir ki, Azərbaycan tək deyil. Rusiya isə bunu artıq anlamağa başlayıb. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin son müsahibələrinin birində Azərbaycan-Türkiyə ittifaqına mane ola bilməyəcəklərini, bunun iki ölkənin seçimi olduğunu bildirmişdi. İran da artıq bu həqiqəti başa düşür və son zamanlar Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edir. Bu mənada, bu ittifaqın güclənməsi Azərbaycanın təhlükəsizliyi baxımından da çox önəmlidir. Hətta, yaxın vaxtlarda Türkiyə hərbçilərinin Azərbaycanda yerləşdirilməsi, Türkiyə hərbi bazalarının Azərbaycanda formalaşdırılması da gündəmə gələ bilər”.