Zaman bizimdir: Əngəlləri aşıb, yola davam!

Maraqlı

25.12.2020 - 19:24

Fəxri Məmmədli: “Zamanı düzgün idarə edəndə biz daha uğurlu insan oluruq”

 

Bildiyimiz kimi pandemiya həyat tərzimizdə məcburi və ani dəyişikliklər etməyimizə səbəb oldu. Yaşamaq və var olmağımız üçün ən əhəmiyyətli iki sahədə - təhsil və iş həyatında adət etdiyimiz formadan tamamilə fərqli bir formaya, onlayn rejimə keçid etdik. Bu keçidə öyrəşmək bir çox insan üçün hələ də mümkün olmayıb. “Bu ay bitər, bu ay olmasa da, gələn ay bitər”, - deyə ümidlə günü günə, ayı aya calaya-calaya pandemiyalı bir ili artıq geridə qoymaq üzrəyik.

 

Bu müddət ərzində biz həm də Qarabağ torpaqlarında savaşımızı da apardıq. Təbii ki, hər bir azərbaycanlı üçün bu dönəmdə cəbhədən önəmli heç nə ola bilməzdi, olmadı da. Azyaşlı uşaqlardan tutmuş ahıl insanlarımıza qədər hər kəs bu müharibənin bir parçasına çevrilmişdi. Pandemiya ilə bərabər cəbhədə apardığımız bu mübarizə bizi gündəlik qayğılardan, bəzən, hətta gələcək hədəflərdən də uzaqlaşdırmış oldu. İndi isə sakitlik bərqərar olub, həyəcanlı, narahat fikirlərimiz nəfəsini dərməyə çalışır. Yenidən gündəlik işlərimizə, təhsilimizə, bununla yanaşı gələcək hədəflərimizə köklənmək zamanıdır. Təbii ki, hər bir kəs xalqı, dövləti üçün özü uğurlu olduğunda faydalı ola bilər.

 

Artıq dekabr ayının son günlərindəyik və təhsil ilinin birinci yarımili yekunlaşmaq üzrədir. Tələbələrin narahatlıqlarından da məlum olduğu kimi arada yaranan fasilə, onlayn təhsil mühitinin məlum problemləri yenidən dərslərə adaptasiya olmaqda, imtahan sessiyasını uğurla vermələri üçün hazırlıq mərhələsində bəzi problemlər yaşadır.

 

AYNA, məqamın həssaslığını nəzərə alaraq, yenidən dərslərə və işlərimizə adaptasiya olmaqda zamanının idarə edilməsi mövzusunda, mədəni inkişaf mütəxəssisi, təlimçi Fəxri Məmmədli ilə həmsöhbət olub.

O da yaşanmış və hazırda yaşadığımız bir sıra hadisələrin, hiss edilən duyğuların hər kəsdə xüsusi bir həssaslıq yaratdığını təsdiqləyir: “Bilirik ki, pademiya səbəbi ilə dərslərdə fasilələr yarandı, onlayn tədris formasına keçid edildi. Daha sonra bu keçidə öyrəşməyimiz də müəyyən zaman aldı. Sentyabr ayından isə həm də İkinci Qarabağ müharibəsinin hər kəs bir formada iştirakçısına çevrildi. Bu mərhələdə pandemiya da arxa plana keçdi. Hər kəs cəbhə üçün bacardığı dəstəyi, köməyi etməyə çalışdı. Hazırda isə birlikdə bacardığımız bu qələbə hər birimizi qürurlandırır. Bununla yanaşı, şəhid xəbərlərinin gəlməsi də hər bir azərbaycanlıya təsir göstərir. Ona görə hesab edirəm ki, bu dövr xüsusi bir dönəmdir. Həm həyəcan, həm narahatlıq, həm də qələbədən doğan sevinc içərisindəyik. Nəticə etibarı ilə biz artıq qalibik və yenidən öz işlərimizə geri dönməliyik”.

 

Müsahibimiz deyir ki, gənclər – tələbələr, eləcə də fokslanma problemi yaşayan digər şəxslər ilk olaraq bu suallardan yola çıxaraq düşünməlidirlər: “Nəyə görə yenidən dərslərə adaptasiya olmalıyıq? Niyə işlərimizə geri qayıtmalıyıq? Müharibə dövründə istər ön cəbhədə, istərsə də arxa cəbhədə hər kəs eyni əzmlə döyüşürdü. Arxa cəbhənin də işi çox idi - bizim xarici dildə bilməyimiz və haqq səsimizi çatdırmaq üçün informasiya cəbhəsində aktiv çıxış etməyimizin də bu müharibədə öz təsiri var idi. Yəni, bu, o deməkdir ki, bizim istər evdə, istər işdə, istərsə də dərsdə hər hansı yeni bilik və bacarıqlara yiyələnməyimiz önəmlidir. Bu məqama diqqət etməklə özümüzü təkrar etməli olduğumuz işlərə kökləyə bilərik”.

 

Mütəxəssis bildirir ki, bundan sonrakı əsas məqam gündəlik rejimimizə sadiq qalmağımızdır: “İstər indiki halda olsun, istərsə də sonrakı mərhələlərdə - yadda saxlamalıyıq ki, adi vaxtlarda saat neçədə işimizə, dərsimizə başlayırdıqsa, indi də eyni cədvəllə hərəkət etməliyik. İndiki halda hələ də karantin qaydalarına görə dərslər və bir sıra işlər evdən həyata keçirilir. Belə olduqda isə, adətən təcrübə onu göstərir ki, biz “sabahdan evdəyəm, gec oyana bilərəm” deyə düşünə və həmin gün istədiyimiz məhsuldarlığı əldə etməmiş ola bilirik. Tələbələr də xüsusilə bu məqama diqqət etməli və əvvəlki cədvəllərinə sadiqlik göstərməlidirlər”.

 

Bir halda ki, biz evdəyik, istədiyimiz vaxt dincələ və ya işlərimizin başına keçə bilərik, zamanı düzgün idarə etmədiyimizdə nə baş verir? Sualımızı həmsöhbətimiz belə cavablayır: “İlk növbədə bizim cədvəlimiz pozulur, ikincisi isə, istənilən insan vaxtı çatdırmadığında bununla bağlı stress yaşayır. Stress yaşadığında da işin keyfiyyəti aşağı düşür. Eyni zamanda qarşı tərəfdə məsuliyyətsiz təəssüratı yaratmış olur. Bu da özü ilə bərabər əlavə stress yaratdığı kimi, eyni zamanda şəxsi nüfuza xələl gətirmiş olur. Yəni, “time menecement” anlayışına – zamanın düzgün və effektiv idarə olunmasına riayət etmədikdə bu cür problemlərlə qarşılaşa bilirik”.

 

Məmmədli vaxtı effektiv idarə edə bilməyimiz üçün bu işdə köməyimizə çatacaq metodlardan birini də nümunə olaraq bölüşür: “Bu metodlardan biri “pomodoro” texnikasıdır. Bu texnikaya görə, 25 dəqiqə işləyir, 5 dəqiqə dincəlirik. Burada əsas məsələ odur ki, 25 dəqiqə işlədiyimiz müddətdə özümüzü digər işlərdən – diqqətimizi dağıda biləcək hər şeydən uzaq tutmalıyıq. Buraya ətrafımızdakı insanlarla ünsiyyət də, soial media hesablarımızdan gələn bildirişlər də daxildir. Ekspertlər hesab edirlər ki, bu 25 dəqiqə müddətində gözünüz önündə fikrinizi yayındıra biləcək hər bir şeydən özünüzü təcrid etməlisiniz. Bunun üçün telefonunuzu söndürə və ya bildirişləri bağlaya bilərsiniz. 25 dəqiqə etməli olduğunuz işlə məşğul olduqdan sonra 5 dəqiqəlik dincəlməlisiniz. Lakin bu 5 dəqiqədə diqqət etməlisiniz ki, effektiv dincələ biləsiniz. Bunun üçün yüngül idman hərəkətləri edə, zəng etməli olduğunuz insanlarla danışa və s. işlərə də zaman ayırmış ola bilərsiniz. Gün ərzində 6-8 “pomodoro”-ya nail olarıqsa, biz bütün işlərimizi çatdıra bilərik”.

 

Planlama ilə bağlı danışarkən ekspert bunun əhəmiyyətini belə izah edir: “Doğrudur, bu haqda çox danışılıb, çox adam eşidib, buna görə bəlkə də adi səslənə bilər, amma mən əmin edirəm ki, bu, çox önəmli və effektiv məqamdır. Axşamdan sabah edəcəyimiz bütün işləri qeyd etməliyik. Bənd-bənd hər bir şeyi siyahıya yazmaq və sabahkı gün ən vacibdən başlayaraq işlərimizi etdikcə işarələmək özü motivasiya yaradır. Burada bir vacib məqamı da qeyd etmək istəyirəm, bəzən gənclər deyirlər ki, “mən planlarımı yazdım, amma çatdıra bilmədim”. Bunun səbəbi ondadır ki, işə başlayanda ən vacib olanı önə almaq lazımdır. Bir misalla izah edəsi olsaq, təsəvvür edin ki, bizə bir şüşə qab, daş parçaları, bir qədər də çınqıl və qum veriblər. Biz ilk növbədə çınqılı, sonra qumu və daha sonra isə daşları şüşə qaba yerləşdirməyə çalışsaq, ola bilsin ki, hamısını yerləşdirə bilməyək. Buna görə də ilk növbədə etməli olduğumuz vacib işlərimizi simvolizə edən daş parçalarını, sonra çınqılı, daha sonra isə qum dənəciklərini tökməliyik. Bu zaman görəcəyik ki, qabda az yer qalsa belə, qum dənəcikləri özləri özlərinə yer edəcəklər. Həyatımızda da belədir. Önəmli olan işləri etməyib enerjimizi zənglər, mesajlar kimi az əhəmiyyət daşıyan, bəzən heç bir əhəmiyyəti olmayan ani söhbətlərə, işlərə sərf etdiyimizdə gün sonunda görürük ki, vaxt çatmayıb”.

Fəxri Məmmədli: Səyyar dərslərimiz davam edəcək » Nezermedia.az

“Erkən qalxan yol alar” sözlərinə həmfikir olan mütəxəssis bunun əhəmiyyətinə də toxunur: “Təbii ki, hər kəsin daha məhsuldar olduğu bir zaman var. Elə adam var ki, səhər saatlarında, elə adam var, gecə vaxtı daha çox məhsuldar olur. Buna görə insanlar özünün məhsular olduqları zamanı da müəyyənləşdirməlidir. Bu, özü də bir istiqamətdir. Bu müddəti tapdıqdan sonra ən vacib işlərimizi həmin vaxta sala bilərik. Lakin ümumi baxdıqda daha çox insanın ən effektiv olduğu vaxt səhər saatlarıdır. Səhər erkən saatlardan işinə başalayan insanda gün sonuna yaxın psixoloji olaraq da bir rahatlama yaranır ki, işləri bitmək üzrədir. Bunun üçün yuxu rejimini qorumaq çox önəmlidir. Ekspertlər qeyd edirlər ki, bunun özü də zamanın düzgün idarə edilməsində önəmli paya sahibdir. Belə ki, yuxu rejiminin qaydasında olması bizi daha enerjili və sağlam edir. Axşam vaxtında yatmaq səhər daha erkən və gümrah oyanmağımıza zəmin yaradır. Yox elə ki, axşam gec saatlara qədər oyaq qalıb səhər vaxtında oyana bilmiriksə, bu, gündəlik planlarımızı da pozur, işlərimizdəki məhsuldarlığa da mənfi təsir göstərir. İnsanın bir işə fokslanması üçün ortalama 23 dəqiqə lazımdır. Bu, özü çətin prosesdir. Buna görə yuxu rejiminin qorunması, işə başladıqda diqqətimizi dağıdacaq məqamalardan özümüzü qorumağımız daha effektiv olmağımızı təmin edir”.

 

“Biz zamanın effektiv idarə olunmasından danışarkən, eyni zamanda vaxtımızı alan məqamları da qeyd etməliyik. Günümüzün ayrılmaz hissəsinə çevrilmiş sosial media burada ön sırada gəlir. Gözümüzə dəyən hansısa videoya, xəbərə baxmaq üçün “iki dəqiqə baxıb çıxıram” dediyimiz, amma çox vaxt qat-qat artıq vaxt keçirdiyimiz olur. Ona görə də hər hansı işlə məşğul olduqda, xüsusi vəziyyət yoxdursa, mobil telefon və ya kompüterdə sosial media hesablarımızdan gələn bildirişləri bağlamalıyıq. Tövsiyə edirəm, sosial mediada az vaxt keçirilsin. Çünki bununla beyni əlavə, bir çox hallarda lazımsız informasiyalarla yüklənməkdən qorumuş olacağıq. Digər bir məqam isə, anındaca edə biləcəyimiz işləri sonraya saxlamaqdır ki, bu, bizdən ikiqat vaxt və enerji almış olur. Necə deyərlər: “Əldən qalan əlli il qalar”. Buna görə çalışmalıyıq ki, yerindəcə edə biləcəyimiz xırda işləri edək. Məsələn, yolda, dayanacaqda mesaj gəlir, onu oradaca cavablaya bilərsinizsə, cavablayın. Bunu sonraya saxlamaq həm gecikməyə, həm də ikinci dəfə həmin xırda iş üçün zaman ayırmağınıza səbəb olacaq”, - deyə Məmmədli vurğulayır.

 

Müsahibimizin sözlərinə görə vaxtı düzgün idarə etmək bütün günü və çox işləmək demək deyil: “Adətən insanlar düşünürlər ki, bütün günü oxumalı, işləməliyəm. Bu, düzgün yanaşma deyil. Özümüzü mukafatlandırma da çox əhəmiyyətlidir. Yəni biz gün sonunda hədəflərimizi reallaşdıracağımız halda, özümüzə kiçik mükafatlar təyin etməliyik. Bu, zövqümüzcə bir film də, kiçik bir gəzinti də, dostlarla görüş də ola bilər. Zamanı idarə etmək bir növü özümüzü idarə etməkdir. 24 saat hər kəsə verilir. Özümüzü o zamana yox, zamanı özümüzə uyğunlaşdırmağı bacarmalıyıq. Vaxt gedir və əlavə vaxt qaldıqda biz başqa iş qurmaq, kitab oxumaq, daha da uğurlu olmaq, yaxınlarımız, dostlarımızla daha xoş vaxt keçirmək haqda düşünə bilərik. Bu mənada vaxtı düzgün idarə etmək, əslində bütün günü və çox işləmək demək deyil, faydalı və özümüzə rahat metodlarla, özümüzü təkmilləşdirərək işləməkdir. Təbii ki, bunun üçün müxtəlif nəzəriyyələr, metodlar var, lakin hər kəs özü üçün ən uyğun metodu müəyyənləşdirə bilər. Unutmamalıyıq ki, zamanı düzgün idarə etmək bizi stresdən uzaq edir, stressdən uzaq olanda əhvalımız da yaxşı olur, işlərimizdə də daha yaradıcı oluruq. Təbii ki, hamısı bir biri ilə zəncirvari bağlıdır. Zamanı düzgün idarə edəndə biz daha uğurlu insan oluruq. Avtomatik olaraq o zaman qazancımız da, cəmiyyətdəki statusumuz da artır, sağlamlığımız da yerində olur. Bütün bu proseslər bir-birinə bağlı şəkildə inkişaf edir”.

Müəllif: Aləmdə Nəsib