İmtahan 2 növbədə keçirilib və bir saat davam edib
Dövlət İmtahan Mərkəzi (DİM) dekabrın 3-də müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirib.
DİM-dən AYNA-ya bildirilib ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılıb. Kompüter vasitəsilə elektron qaydada təşkil olunan imtahan DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında saat 10:00-da və 13:00-da olmaqla 2 növbədə keçirilib və bir saat davam edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 299 nəfərdən 33 nəfər imtahana gəlməyib. Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 111 nəfər müvəffəqiyyət əldə edib.
Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.
İmtahanın məzmunu ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2023-cü il dekabr 4 və 5-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) sürəti də əlavə ediməlidirlər.