Xalq artisti öz yubiley tədbirinin aparıcısı olub

Mədəniyyət

19.07.2019 - 16:24

İlham Namiq Kamalın 70 illik yubileyindən qeydlər

 

Mədəniyyət nazirinin əmri ilə Akademik Dövlət Musiqili Teatrın səhnəsində Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamalın 70 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirildi.

 

Cavid İmamverdiyevin quruluş verdiyi tədbirin ssenarisi Qasım Səfəroğluna məxsus idi. Tədbir maraqlı düşünülmüş, yubilyar həmişə biz gördüyümüz kimi, ənənəvi olaraq, kresloda əyləşib, səhnədə baş verənləri izləmirdi. Əksinə, yubilyar özü həm aparıcı, həm iştirakçı, həm də müğənni kimi məharətlə tamaşaçı qarşısında çıxış edir, dialoqa girirdi.

 

Tamaşaçı həmişə səhnədə görməyə adət etdiyi İlham Namiq Kamalı yenə izləyir və unudurdu ki,70 yaşlı aktyor özü-öz yubiley tədbirinin aparıcısıdır. Tədbir “Qaynana” filmində məşhur mahnının sözlərinin dəyişdirilmiş versiyası ilə tamaşaçıları salamlamaqla başladı. Səhnədə baş verənləri seyr etdikcə az qala vaxtı ilə mərhum yumor yazarımız Rüfət Əhmədzadədən yazdığı, aktyorumuzun ifa etdiyi “Bu mənəm, mən deyiləm” monoloqu yada düşürdü.

 

Tədbir boyunca ekranda İlham Namiq Kamalın ifa etdiyi bu günə qədər hamımızın sevə-sevə izlədiyi Haldoninin “Mehmanxana sahibəsi”də Markiz, A.Məmmədovun “Kişilər”də Ağbacı, Anarın “Evləri göydələn yar”da Canik, F.Sücətdinov və T.Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşasında İbad İbadoviç, R.Əlizadənin “Dadaşbala əməliyyatı”da Dadaşbala, Elçinin “Mənim ərim dəlidir”də Kişi, Opera Balet Teatrında Ü.Hacıbəylinin “Arşın mal alan”da Soltan bəy (tərəf müqabili Əməkdar artist Gülüstan Əliyeva Cahan xala) tamaşalarından fraqmentlər ifa və nümayiş olundu. Gecədə eyni zamanda məşhur “Qaynana” kinofilmində Qaynana rolunun mahir ifaçısı Nəsibə xanım Zeynalovanın ekrandakı obrazı ilə aktyorun canlı dialoqu tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Ayna.az