Üzündən təbəssüm əskik olmayan adam - Çingiz Ələsgərli

Mədəniyyət

17.11.2022 - 19:26

Çingiz daim yazır, çünki yazmaq artıq onun yaşam tərzinə çevrilib

Üzündən təbəssüm əskik olmayan, optimist təbiətli, nikbin insan olan Çingiz Ələsgərlinin mən həmişə belə görmüşəm. İllər boyunca heç onun qəmli vaxtını görməmişəm. O, gülərüz və müsbət enerjili şəxsdir. Gülərüz, müsbət auralı insan kimi o, daim ətrafındakılara da müsbət enerji ötürür. Problemsiz insan olmaz, deyirlər. Bəzən elə insanlarla rastlaşırıq ki, onlar öz problemlərini açıqlamaqla çoxlarını narahat etdiklərinin fərqində olmurlar. Çingiz isə, problemi olanda belə, bunu ətrafdakılara hiss etdirmir.

Kiçik bir girişdən sonra, Çingiz Ələsgərli haqqında daha ətraflı yazımıza keçək. Bunu portretə çizgilər də adlandırmaq olar. 2022-ci il noyabr ayının 19-u yazıçılıq qabiliyyətinə, istedad və bacarığına hörmətlə yanaşdığım teatrşünas və dramaturq Çingiz Ələsgərlinin doğum günüdür. O, mənim yaradıcılığım haqqında xeyli sayda məqalə yazsa da, mən onun nə teatrşünaslığı, nə də dramaturgiyası haqqında heç vaxt, heç nə yazmamışam. Buna heç ehtiyac da olmayıb. Çünki yazıçılıq onun, aktyorluq və rejissorluq isə, mənim peşəmdir. O, daim mənim yaradıcılığımı izləyib, uğurlarıma sevindiyi kimi, mən də onun yaradıcılığını maraqla izləyib, uğurlarına sevinirəm.

Mən onun doğum gününə sürpriz olaraq, portret məqalə yazmağı düşünmüşdüm. Amma sonra fikrimdən daşındım və bu haqda ona dedim. Əvvəl tərəddüd etsə də, sonra razılaşdı. Oxuculara bir sirr açım. Mən bəzən yazmağa ehtiyac duyub, ürəyim istəyən mövzulara müraciət edirəm. Deyilənə görə, pis də alınmır. Bu dəfə də belə oldu. Düşündüm ki, 40 ilə yaxın bir müddətdə mədəniyyət sahəsində yorulmadan çalışan, külüng çalan, qələmini bu günə qədər yerə qoymayan, zəhmətkeş və

işgüzar, ən əsası isə, gülərüz bir insan haqqında yazmasam, düz olmaz. Mən Çingizi, yalan olmasın, hardasa dörd onilliyə yaxın bir müddətdir ki tanıyıram. Adətən, illər istər-istəməz insanları dəyişir, hətta bəzən tanınmaz edir. Amma bu dəyişmələr bizim yubilyara aid deyil. Çingiz 40 il bundan əvvəl necə idisə, bu gün də elədir. Zaman dəyişsə də o, dəyişmir. Teatrşünas və dramaturq dostum bu günə qədər müxtəlif idarə və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb. Hazırda Akademik Milli Dram Teatrının ədəbi dram hissəsinin rəhbəridir. Bildiyimiz kimi, bu vəzifədə vaxtı ilə Cəfər Cabbarlı və daha neçə-neçə yazıçılar çalışıb. Mən bu insanda harda və hansı vəzifədə işləməsindən asılı olmayaraq, heç vaxt təkəbbür, özündən razılıq, özünü dartmaq, kiməsə yuxarıdan baxmaq və sair keyfiyyətləri görməmişəm. O, həmişə pozitiv, səmimi, təvazökar, zəhmətkeş, sadə , işinə məsuliyyətlə yanaşan, hər kəsə təmənnasız kömək əlini uzatmağa hazır olan, qeyd etdiyim kimi, üzündən heç vaxt təbəssüm əskik olmayan və ən əsası isə qələminə heç vaxt xəyanət etməyən şəxsdir. Hamı onu belə tanıyır və məhz bu keyfiyyətlərinə görə ona dəyər verir.

Mənə qalınca, deməliyəm ki, bizim uşaqlığımız iki və ya üç küçə ilə bir-birindən ayrılan məhəllələrdə keçib. O, Təzə Pir məscidinin yuxarı hissəsində, keçmiş Şors, indiki Bəşir Səfəroğlu küçəsindəki 46№ li ata-baba mülkündə, mən isə, məscidin aşağı hissəsində keçmiş Poluxin, indiki Murtuza Muxtarov küçəsindəki 121№li ata-baba mülkündə yaşamışıq. Evlərimiz yaxın olsa da biz, çox-çox sonralar, təsadüfən hansısa tədbir və ya tamaşada rastlaşıb, teatr sənəti haqqında söhbətləşmişdik. Həmin söhbət maraqlı olduğu üçün uzandıqca uzanmışdı. Mən bu söhbət əsnasında teatrşünas olaraq Çingizin teatr haqqında dərin bilik və savadını bəyənmişdim. Elə həmin vaxtdan, daha dəqiq desək, keçən əsrin 80-ci illərindən bu günə qədər dostluğumuz davam edir.

Mübaliğəsiz deməliyəm ki, bu gün “Çingiz Ələsgərli” imzası teatr və jurnalistika aləmində tanınan imzadır. Bu imza ilə yazan dostum məqalələrində hər zaman dürüst olub, “düzü düz, əyrini əyri ” yazıb və yazır. Məhz bu səbəbdən, həm mən, həm qardaşım Cəfər yubileyimizlə bağlı yazılacaq kitablarımızın yazılışını ona həvalə etdik və peşman da olmadıq. Çingiz Ələsgərli mənim 65 illik yubileyimə “ Sənətkar ömrü ”, qardaşım, Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə isə, “ Tale yazısı ” kitablarını yazdı. Hər iki kitabda o, bizim yaradıcılığımızın oxşar və fərqli cəhətlərinin elmi-nəzəri araşdırmasını apararaq, maraqlı və oxunaqlı əsərlər ortaya qoydu. Elə buna görə də hər iki kitab çox qısa bir müddətdə geniş yayılaraq, oxucuların rəğbətini qazandı.

O, neçə-neçə aktyor və rejissor yaradıcılığına həsr olunmuş kitabların redaktoru və müəllifidir. Bunlardan; “Məhərrəm Haşımov-100”, “Hökümə Qurbanova-100”, kuklaçı aktyor Ruslan Həsənovun yaradıcılığına həsr etdiyi “Xəzana dönmüş ömür və ya Kuklaçının nağılı”, Mükafat Abbasovun “Sevənləri aldatmayın”, Mehdi Məmmədov və Zəfər Nemətovun “Rejissor işi haqqında”(yeni redaktədə), Azərbaycan Televiziyasının veteran diktoru Natavan Hacıyevanın “Televiziya mənim dünənim, bu günüm və sabahımdır ”, Xalq artisti Mərahim Fərzəlibəyovun 70 illiyinə “ Səhnəyə sığmayan arzular ” və daha neçə-neçə maraqlı əsərləri nümunə göstərmək olar. Çingiz Ələsgərli neçə-neçə məqalə və eimi-nəzəri kitablarlarla yanaşı dramaturgiya sahəsinə də müraciət edərək, maraqlı nəticələr əldə edib. O, məqalə və kitablarında olduğu kimi dram əsərlərində də maraqlı olmağa çalışıb.

Onun dram əsərlərinin hər biri qeyri-adi və maraqlı süjet xətti, obrazların bütövlüyü, dramatik vəziyyətin gərginliyi, konfliktin kəskinliyi, hadisələrin gözlənilməz düzüm xətti ilə rejissorların diqqətini cəlb edə bilib. Əgər səhv etmirəmsə, onun yazdığı dram əsərləri və səhnələşdirmələrin sayı artıq 40-ı keçib və bu əsərlərin 35-i müxtəlif dövlət dram teatrlarında tamaşaya qoyulub.

Pozitiv, gülərüz insan olan teatrşünas və dramaturq dostumuz Çingiz Ələsgərli yorulmaq bilmədən daim yazır, daim yaradır. Hər dəfə onunla görüşəndə və ya zəngləşəndə o, mütləq yeni bir məqaləsi, ya kitabı və ya dram əsəri haqqında danışaraq, məni həm heyrətləndirir, həm də sevindirir. O, daim onu maraqlandıran mövzulara müraciət edərək, bir qayda olaraq, maraqlı sənət nümunələri ortaya qoyur. Çingiz daim yazır, çünki yazmaq artıq onun yaşam tərzinə çevrilib. Onun əksər dram əsərləri bu və ya digər teatrların sifarişi ilə yazılıb. Mən də ona vaxtı ilə yaratdığım “İlham” miniatür teatrı və Şamaxıda yaratmaq istədiyim teatr üçün günümüzlə səsləşən, insanları düşündürən dramatik əsər və səhnəciklər sifariş etmişdim. O, çox qısa vaxtda mənim istədiyim mövzuları yazdı və çox da xoşuma gəldi. Hayıflar olsun ki, birinci teatr binasızlığın, ikinci isə, laqeyd münasibətin qurbanı oldu. Amma mən, hələ də ümidimi üzməmişəm. İnanıram ki, yaxın gələcəkdə ya “İlham” miniatür teatrında, ya da Şamaxıda yaranacaq teatrda Çingiz Ələsgərli ilə müştərək yaradıcılıq işimizi nümayiş etdirə biləcəyik. Sağlıq olsun.

Hazırda isə, ölkəmizin bir çox teatrlarında Çingiz Ələsgərlinin dram əsərləri uğurla nümayiş olunur. Akademik Milli Dram Teatrında “Qətibə İnanc” (M.S.Ordubadinin ” Qılınc və qələm ” romanı əsasında), Bakı Bələdiyyə Teatrında “ Şanlı Vətən ” və “ İmadəddin Nəsimi ” (İ.Muğannanın “ Nəsimi ” romanı əsasında), Azərbaycan Dövlət İrəvan Dram Teatrında ” Nağıl ” və sair. Bildiyimə görə, daha iki və ya üç teatrda da onun əsərləri tamaşaya hazırlanır.

Bu yaxınlarda Çingizin 1993-cü ildə yazdığı “Şahidə çevrilən şəhid” əsəri Xaçmaz Xalq Teatrında tamaşaya qoyulub. Çingizin dediyinə görə, 1993-cü ildə yazdığı və 2006-cı ildə çapdan çıxmış “Pyeslər” toplusuna daxil edilmiş dramatik novellanı Xacmaz Xalq Teatrının rejissoru İlham Tağızadə oxuyub və əsərə yozum vermək istəyib. Haşıyə çıxıb qeyd etməliyəm ki, “ Xaçmaz” Xalq teatrının yaradılmasında mənim də müəyyən əməyim olub. Təbii ki, pandemiya dönəmində rejissor dramaturqla əlaqə saxlayıb və əsəri qurmaq üçün icazə alıb. Beləliklə, maraqlı bir tamaşa yaranıb. Tamaşanın ilk baxışına Çingiz məni də dəvət etmişdi, təəssüf ki, o vaxt çəkilişlərimlə bağlı iştirak edə bilmədim. Amma, eşitdiyinə görə, tamaşa yüksək səviyyədə, anşlaqla keçib. Bölgənin Mədəniyyət Sarayında nümayiş etdirilən tamaşada Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı Elnur Rzayev başda olmaqla, bölgənin digər vəzifə sahibləri, şəhid ailələri və qazilər iştirak ediblər. Rayon İcra başçısı Elnur müəllimin Xalq Teatrına göstərdiyi diqqət və qayğı təqdirə layiqdir. Tamaşadan sonra Elnur müəllim çıxış edərək, tamaşa və Xalq teatrı haqqında müsbət fikirlərini bildirirək, kollektivə uğurlar arzulayıb. Maraqlananlar YouTub-da “Şahidə çevrilən şəhid” tamaşasını izləyə bilərlər.

Çingiz Ələsgərli, qeyd etdiyim kimi, neçə-neçə maraqlı dram əsərlərinin müəllifidir. Yaxşı yadımdadır, “İxtira ”adlı ilk pyesi, 1986-cı ildə M.Davudova adına Mingəçevir Dövlət Dram teatrında tamaşaya qoyulmuş və maraqla qarşılanmışdı. İlk qələm təcrübəsindən sonra o, “ Milyon ilin sevgisi ”, “ Şahidə çevrilən şəhid ”, “Düzlük”, “ Yabançı dostlar”, “İnsan ömrünün nağılı”, “Həyat oyun olanda”, “Tənbəl Əhməd”, “İbrət dərsi”, “Ana intiqamı”, “Qaçaq Kərəm”, “Nəsrullah fenomeni”, “Xacə şah”, “Yeni ilə az qalanda”, “İnam olanda”, “Rüşvət”, “Mənim müasirlərim”, “Çipollinonun sərgüzəştləri”, “Pinokkionun sərgüzəştləri”, “Qətibə İnanc”,”Şanlı Vətən”,”Dörd payız yarpağı”, “Nəsimi”, “Tahir və Zöhrə”, “Adəm və Həvva”, M.İbrahimbəyovun eyniadlı əsəri əsasında “ Bütün yaxşılıqların əvəzinə ölüm ”, Sürpriz ”,“ Rəssamın əbədi sevgisi ” və digər əsərlər yazıb. Adları çəkilən əsərlərin əksəri, qeyd etdiyim kimi, müxtəlif dövlət teatrlarının səhnəsində uğurla nümayiş olunub və olunur.

Üzündən gülüş əskik olmayan dostum teatrşünas və dramaturq kimi yaxşı tanınsa da, son dövrlərdə ssenari sahəsində də qələmini sınayaraq, maraqlı kino əsərlər yaradıb. Onun Seyid Əzim Şirvaninin həyat və yaradıcılığına həsr etdiyi “Aləmdə səsim var”(Ə.Cəfərzadənin eyniadlı əsəri əsasında) ssenarisi əsasında çəkilən film Azərbaycan televiziyasında uğurla nümayiş olunub. İlk kino işindən sonra Çingiz Ələsgərli Nurəngiz Günün”Tanrı bəşər övladıdır” povesti əsasında “Qırmızı kərpicli evin Tanrısı” ssenarisini yazır. Bu ssenari əsasında çəkilmiş film də Azərbaycan televiziyasında nümayiş olunur. Daha sonra dramaturq dostumuz H.Mirələmovun “Cəza” povesti əsasında eyniadlı ssenari yazır. Adı çəkilən ssenari əsasında çəkiləcək filmin də yaxın gələcəkdə tamaşaçıları sevindirəcəyinə əminəm.

Mən istedadlı insana, peşəkar teatrşünasa və dramaturqa, bu yaşına qədər hələ də layiq olduğu fəxri adının almamasına narahatlığımı bildirəndə, Çingiz bu narahatlığımı özünə məxsus sakitlik və təbəssümlə qarşıladı. Gülümsəyərək dedi ki, gec və ya tez haqq yerini tutar və problem həllini tapar. Mənim isə bu arada, məşhur şeir yadıma düşür. “Sağlığında qiymət verək insanlara...”

Əlaqədar təşkilatların, gec də olsa, 300-ə yaxın məqalə, 20 kitab, 40 dram əsəri və 5 ssenari müəllifinə layiq olduğu fəxri adın verilməsində yardımçı olacaqlarına isə, qəti əminən. Mənə elə gəlir ki, geniş teatr cameəsində çoxları mənim bu arzuma qoşular. Çingiz Ələsgərliyə layiq olduğu fəxri ad bu gün, 70 illik yubileyində də verilməsə, görəsən, nə zaman veriləcək? Mən yaxşı bilirəm ki, teatrşünas və dramaturq dostumuz bəziləri kimi fəxri ad üçün hansısa qapıları döyən, kimlərəsə müraciət və şikayət edən deyil.

Bu gün dostum Çingiz Ələsgərlinin 70 illik yubileyində ona daha möhkəm can sağlığı, daha uzun ömür arzu edirəm. Dostumuza olduğundan daha artıq pozitivlik, daha artıq təbəssüm və daha bol-bol gülüş arzu edirəm. Qoy gülüş və təbəssüm heç vaxt onu tərk etməsin. Qoy hələ neçə-neçə illər teatrşünas və dramaturq dostumuz Çingiz Ələsgərli mükəmməl əsərləri ilə milli teatr prosesinin inkişafında öz sözünü desin.

İlham Namiq Kamal - “Şöhrət” ordenli professor, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü

Müəllif: Ayna.az