Üzdə qətiyyətli, arxada çarəsiz

Dünya

28.12.2023 - 13:53

Putin haqda ilginc iddia və 2024-cü ildən mühüm gözlənti

Qərb mətbuatının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin ictimaiyyət qarşısında Ukraynadakı hədəfləri ilə bağlı qətiyyətli görünüş nümayiş etdirsə də, arxa planda atəşkəs təklifləri ilə çıxış edir. Bunu Kremlə yaxın iki sabiq Rusiya rəsmisi və Rusiya liderinin köməkçiləri ilə təmasda olan ABŞ rəsmiləri təsdiqləyiblər. Xəbərdə qeyd olunur ki, Putin sentyabr ayından bəri vasitəçilər vasitəsilə cəbhə xəttində döyüşləri dayandıracaq atəşkəsə açıq olduğunu bildirən mesajlar göndərib.

Mətbuata danışan Amerika rəsmiləri iddia ediblər ki, Rusiya ilk dəfə 2022-ci ilin payızında atəşkəs razılaşmasını nəzərdən keçirib. Mənbələr Putinin o dövrdə Rusiyanın zəbt etdiyi torpaqlardan razı qaldığını və bu mesajın Vaşinqtona çatdırıldığını bildirib. Mənbənin sözlərinə görə, Kreml ictimaiyyətə müharibəni davam etdirməklə bağlı mesaj versə də, Ukraynada qələbə elan edərək müharibəni bitirmək istəyir. Xəbərdə qeyd olunur ki, işğal olunmuş bütün torpaqları geri alacağını vəd edən Ukrayna administrasiyasının belə bir razılaşmanı qəbul edib-etməyəcəyi bəlli deyil.

Bu arada Qərb mediasında ABŞ və müttəfiqlərinin də sülh danışıqlarında maraqlı olduğunu iddia edən informasiyalar dərc olunur. Bu səbəbdən də ABŞ və Qərbin Ukraynaya yardımları azaltdığı, onu sülhə təşviq etdiyi də söylənilənlər arasındadır. Qərb mətbuatı yazır ki, ABŞ və Avropa Rusiyanı güzəştlərə məcbur etmək və bununla da Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq istəyir. Əsas tələb isə Rusiyanın anti-Qərb koalisiyası ilə əməkdaşlığı azaltmasıdır.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, bu müharibə uzun müddət davam edə bilməz: “Təbii ki, bütün müharibələrdə olduğu kimi, bu müharibə də danışıqlar masası ətrafında bitəcək. Məlumdur ki, 2022-ci ilin fevralından başlayan müharibə təkcə Rusiya ilə Ukrayna arasında deyil, eləcə də Qərb ilə Rusiya arasında gedir”.

“Müharibədən öncə Rusiya Qərbdən təhlükəsizlik zəmanəti tələb edirdi. Bu isə ondan ibarət idi ki, NATO Rusiyanın sərhədlərinə doğru genişlənməyəcək. Bu, baş tutmadı və Rusiyanın Ukraynaya hərbi təcavüzü də məhz bundan sonra başladı. Artıq iki ildir şiddətli döyüşlər gedir. ABŞ və Qərb Ukraynaya dəstəyi dayandırmaq barədə düşünür. Bununla bağlı ehtimallar məqsədli şəkildə tirajlanır. Ukraynanı buna hazırlayırlar. Rusiya da ciddi resurs itkilərinə məruz qalıb və bu xüsusda Putinin də atəşkəsə nail olmaq niyyəti təbiidir”, - deyə deputat bildirib.

Məhəməliyevin fikrincə, ABŞ və Qərb müəyyən mənada öz məqsədinə nail olub: “Məlum həqiqətdir ki, bu müharibədə nə Rusiya, nə də Ukrayna qalib olacaq. Burada öz maraqlarını təmin edən yeganə tərəf ABŞ və müttəfiqləridir. Onlar da kifayət qədər Rusiyanı zəiflətməyə müvəffəq olublar. Təcrübədə ilk belə hal deyil ki, Qərb tərəfindən bu cür qızışdırıcı addımlar atılır. Bütün bu amilləri nəzərə alaraq düşünürəm ki, 2024-cü ildə atəşkəs əldə olunması ehtimalları yüksəkdir”.

Politoloq Zərdüşt Əlizadə mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Putin müharibədə məğlub olacağını bilir: “Düzdür, Rusiya və dünya ictimaiyyətinə özünü elə göstərir ki, guya sona qədər dirəniş göstərəcək. Lakin artıq müharibəni davam etdirmək üçün Rusiyanın resursları yoxdur. İki ilə yaxındır hərbi təcavüz davam etsə də, Moskva ciddi nəticələrə nail olmayıb. Əksinə, Ukrayna üstünlük əldə edir. Yüzminlərlə rus hərbçisi döyüşlərdə həlak olub. Rusiya cəmiyyəti bu müharibədə iştirak etmək istəmir. Putinin qismən səfərbərliklə bağlı qərarına etinasız münasibət də bunun göstəricidir”.

“Digər yandan Rusiya iqtisadiyyatı da çökür. İnzibati resurslar hesabına uzun müddət sosial-iqtisadi vəziyyəti sabit saxlamaq mümkün olmayacaq. Bu gedişlə Rusiyada dərin iqtisadi tənəzzül yaşanacaq və bunun fonunda əhali etirazlara qalxacaq. Nəticədə isə ya Rusiyanın parçalanması, ya Putin və komandasının yola salınması, ən yaxşı halda isə geri çəkilməsi qaçılmaz olacaq. Bu üç variantın üçü də Putin və komandası üçün təhlükəlidir. Buna görə Rusiya Prezidenti çalışır ki, atəşkəsə nail olsun. Heç olmasa yenidən səfərbər olunmaq üçün zaman qazanmaq niyyəyindədir”, - deyə analitik vurğulayıb.

Əlizadə Qərbin Ukraynaya dəstəyinin də yetərli səviyyədə olmadığını qeyd edib: “Müəyyən dəstək mövcuddur. Amma çox azdır. Artırmaq əvəzinə, azaltmaq barədə düşünürlər. Hərə öz marağına oynayır. Qərbdə də bilirlər ki, Ukraynaya dəstəyi dayandırsalar, anti-Qərb koalisiyası güclənəcək. Buna isə imkan verməyəcəklər”.

Müəllif: Azər Niftiyev