İqor Reyteroviç: “Biz işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımaya bilərik, lakin bu razılaşma Ukraynadakı daxili proseslərə birbaşa təsir edəcək”
“JPMorgan” analitikləri 2025-ci ildə Ukraynada atəşkəs gözləntisi barədə fikir irəli sürüblər. Onların qənaətincə, Ukrayna Prezidenti Volodimir Zelenski ikinci rübün sonuna qədər “çox güman ki, Rusiya ilə razılaşmağa məcbur olacaq” və bu, müharibənin dondurulmasına gətirib çıxaracaq. Lakin tam hüquqlu sülh sazişi olmayacaq.
Analitiklər Kiyev üçün dörd mümkün ssenarini qeyd ediblər: ən yaxşı ssenari Cənubi Koreya ssenarisidir ki, bu ehtimalı 15 faiz dəyərləndirirlər. Pis sayılmayan ssenari İsrail ssenarisidir ki, ehtimalı 20 faizdir. Pis ssenari ehtimalı ən çox olan – 50 faiz olan Gürcüstan ssenarisidir. Nəhayət, analitiklərin fikrincə ən pis ssenari Belarus ssenarisidir - ehtimalı 15 faizdir.
Söhbət ondan gedir ki, hərbi əməliyyatların aktiv mərhələsi başa çatır, amma müharibənin bitməsini göstərən heç bir sənəd imzalanmır. Bununla da təbii ki, zaman-zaman atəş açılır, toqquşmalar olur: amma indiki kimi böyük miqyasda deyil...
Ukraynalı politoloq İqor Reyteroviç məsələ ilə bağlı analitik yazısında qeyd edib ki, əslində Ukrayna belə ssenarilərlə tanışdır: “Biz belə proqnozları nəzərə almalıyıq, amma təbii ki, bunlar göstərici deyil. Bəli, bir tərəfdən bu ssenarilər olduqca məntiqli görünürlər. Digər tərəfdən isə səthidir. İlk növbədə başa düşmək lazımdır ki, bütün bu ssenariləri sadalayan “JPMorgan” analitikləri bunu bir məqsədlə edirlər – rəy öyrənmək üçün. Hər hansı bir proqnozun dərc olunması faktının özü də müəyyən dərəcədə siyasi reallığa təsir edir: hamı ona baxmağa, özü üçün hansısa optimal variant seçməyə başlayır, sonra isə öz hərəkətlərini qismən bu ssenariyə uyğunlaşdırmağa başlayır”.
“Söhbət həmin analitiklərin ən böyük bank və maliyyə institutları şirkətlərində işləməsindən gedir. Onlar bütün bu proseslərə qlobal bank sisteminin gücü və maliyyə riskləri baxımından yanaşırlar. Qərbdə bunu hər zaman edirlər. Yəni bu ssenarilərdə qeyri-adi heç nə yoxdur. Onlar standart prosedura uyğun olaraq hazırlanır”, Reyteroviç əlavə edib.
Bu ssenarilərin praktikada nə dərəcədə həyata keçirilə biləcəyinə gəlincə, politoloq deyib ki, sözügedən ssenarilərin heç biri uyğun deyil: “Axı əsas məqam - döyüş əməliyyatlarının dayandırılması və qondarma kompromislər - birbaşa Ukraynanın hansı zəmanətləri almasından asılı olacaq. Düşünürəm ki, hazırda heç bir proqnozda olmayan bir şey əldə edəcəyik. Ümumiyyətlə, Ukrayna öz ssenarisini hazırlamalıdır. Biz gələcəyin konturunu çəkməliyik. Ümid edirik ki, başqa ölkələr də buna diqqət yetirəcək və onlar da tədricən buna uyğunlaşacaqlar. Eyni zamanda, bir ssenari ola bilməz - biz bir neçə, xüsusən də optimal, real və pessimist təklif edə bilərik və təklif etməliyik. Amma ən real ssenari bu gün mövcud olan demarkasiya xəttinin dondurulmasıdır: ideal halda Rusiya üçün müəyyən çəkindirici rol oynayacaq bəzi Qərb qoşunlarının sonrakı iştirakı ilə. Bəli, əlbəttə ki, bu, bizim tərəfimizdən müəyyən güzəştləri təmin edəcək, amma ən əsası daxili siyasətimizə Rusiyanın heç bir müdaxiləsi olmadan dövlətin qorunub saxlanmasıdır”.
“Pessimist ssenari isə böyük ərazi itkisi və hansısa sazişin imzalanmasıdır. Biz işğal olunmuş əraziləri Rusiya ərazisi kimi tanımaya bilərik, lakin bu razılaşma Ukraynadakı daxili proseslərə birbaşa təsir edəcək. Amma dərhal qeyd edim ki, mən belə bir ssenariyə inanmıram. Çünki bunun üçün Rusiya az qala qalib gəlməli və Ukraynanın yumşaq təslim olmasına nail olmalı idi”, - Reyteroviç fikrini tamamlayıb.