Təhsil sisteminin "ögey övladları" dilə gəldi: "Nə işləməyə şəraitimiz var, nə də normal maaşımız"

Cəmiyyət

18.02.2020 - 13:25

"Hazırda biz orta məktəb psixoloqları texniki işçi səviyyəsində sayılırıq, özlərinə necə xoşdursa, bizi istədikləri tərəfə fırlayırlar”

 

Bu ilin 27 yanvar tarixində Təhsil naziri Ceyhun Bayramov bildirdi ki, orta məktəblərdə fəaliyyət göstərən 2700 nəfər psixoloqun yenidən diaqnostiok qiymətləndirilməsinin aparılması nəzərdə tutulub. Məqsəd də onların güclü və zəif tərəflərini müəyyən etməkdir. Nazir onu da vurğuladı ki, məktəblərdə psixoloji xidmətin keyfiyyətinin artırılması üçün qiymətləndirmədə zəif nəticə göstərənlər üçün Nazirlik təlim kursları təşkil edəcək: “2019-cu ildə müəllimlərlə yanaşı, diaqnostik qiymətləndirmənin nəticəsində yüksək göstərici almış psixoloqların əməkhaqları da artırılıb”.

 

Nazirin ardınca Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev bu gün məktəblərdə psixoloji xidmətin vəziyyətinin Təhsil Nazirliyini qane etmədiyini dedi: “Bu baxımdan Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi onların bilik və bacarıqlarının artırılması istiqamətində təlim və seminarlar təşkil edir”.

 

Bu günlərdə isə "Müasir Azərbaycan Psixoloqları" İctimai Birliyinin təsis konfransı keçirilib. Təhsil Nazirliyində yaradılmış Təhsil Şurasının üzvləri, ali təhsil müəssisələrinin psixologiya kafedralarında çalışan tanınmış alimlər və ölkənin bütün bölgələrindən gəlmiş 200-ə qədər məktəb psixoloqunun iştirak etdiyi konfransda məktəb psixoloqlarına kifayət qədər diqqət ayrılmadığı vurğulanıb. Konfrans iştirakçıları bugünkü təhsildə psixoloji xidmətin vacibliyi ilə yanaşı, bu sahəyə göstərilən diqqətin azlığından və hazırda məktəblərdə çalışan psixoloqların problemlərindən danışıblar. Həmçinin psixoloqların hüquq və vəzifələrini müəyyən edəcək sənədin, Əsasnamənin yoxluğundan, təhsildə psixoloji xidmətin vahid mərkəzdən idarə olunması üçün Təhsil Nazirliyində heç bir şöbənin olmamasından gileyləniblər.

Rumiyyə Miraslan