Emin Əmrullayev: “Tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsəduyğun hesab edilir”
Bu gün Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib. Parlamentin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsindən AYNA-ya verilən məlumata görə, konfransda dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.
Onlayn çərçivədə keçirilən konfransda Təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, hazırda üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir: “Ölkə rəhbərliyinin bu dövrdə diqqət yetirdiyi əsas məsələ ilk növbədə insanların sağlamlığının qorunmasıdır”. E.Əmrullayev nazirlik tərəfindən normal şəkildə təhsilə davam ediləcəyi təqdirdə COVID-19-a yoluxma sürəti ilə bağlı araşdırmaların nəticələri barədə məlumat verib. Təhsilin adi qaydada davam edərsə, insanların hərəkətlilik səviyyəsinin nəzərə alınmasının vacibliyini vurğulayan nazir qeyd edib ki, bu müəyyən risklər yarada bilər.
Nazir növbəti tədris ili üçün təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun verdiyi təklifləri səsləndirib. Bildirib ki, “yaşıl”, “sarı”, “narıncı” və “qırmızı” zonalarda təhsilin bütün davamiyyət formaları barədə araşdırmalar aparılıb və təkliflər verilib.
“Təhsil İnstitutunun verdiyi tövsiyələrdə tədrisin məsafədən təşkili, qarışıq (onlayn və sinif otağında) modellərinin tətbiqi yolları nəzərdə tutulur. Yoluxma risklərinin minimuma endirilməsi üçün umumi məktəb günlərinin sayının, dərs saatının miqdarının, sinif otaqlarının azaldılması kimi tədbirlər nəzərdə tutulur. Tənəffüs fasilələrinin uzadılaraq şagirdlərin açıq havada çox vaxt keçirməsi məqsəduyğun hesab edilir”, - deyə nazir vurğulayıb.
Komitə sədri Bəxtiyar Əliyev də çıxışında indiki məqamda qarışıq təhsil modelinin (onlayn və sinif otağında) daha məqsəduyğun olması ehtimalını qeyd edib. “11 mart 2020-ci il tarixindən fəaliyyətə başlamış əksər fənlər üzrə ölkənin iki telekanalında dərslərin yayımının şagird və tələbələr üçün çox faydalı olduğunu və bunun davam etdirilməsi zəruridir”. B.Əliyev həmçinin ümumi təhsil, məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, peşə təhsili, məktəbəhazırlıq prosesinin davam etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb. Qeyd edib ki, bəzi ümumi, ali və orta ixtisas təhsilinin müəyyən pillələrində distant təhsil forması mövcud proqramlara uyğun davam etdirilə bilər.
Onlayn tədbirin sonunda Təhsil naziri Emin Əmrullayev və Komitə sədri Bəxtiyar Əliyev millət vəkillərini maraqlandıran bəzi məqamlara aydınlıq gətiriblər.