Ermənistan müharibəyə tab gətirmir: Ərzaq böhranı yaxınlaşır

Aktual

02.10.2020 - 13:38

Düşmən, Azərbaycana rəqib olaraq adlandırıla bilməyəcək qədər gücsüzdür

 

Azərbaycanın təmas xəttində əks-hücum əməliyyatlarına başlamasının hələ ilk mərhələsində Ermənistan artıq ərzaq təminatında ciddi problemlərlə üzləşir. Məlumatlara görə, ərzaq məhsullarının əldə olunmasında məhdudiyyətlər, mağazaların bir qisminin fəaliyyətini dayandırması düşmənləri həyəcan təbilini çalmağa məcbur edib. Əhalinin təlaşı və bununla əlaqədar olaraq müxtəlif mənbələrə ərzaq dəstəyi ilə bağlı müraciətlərin sayı artır. Maraqlı məqam isə, sözügedən vəziyyətin, sadəcə, işğal olunmuş torpaqlarda deyil, həm də Ermənistan ərazisində aktual olmasıdır. Bu isə Ermənistanda tezliklə ərzaq böhranının dərinləşəcəyini deməyə əsas verir. Ümumiyyətlə, Ermənistan həm iqtisadi, həm sosial, həm siyasi və demək olar ki, bütün sahələrdə Azərbaycandan geri qalır. Düşmən, sadəcə, öz resurslarına və qüdrətinə görə qiymətləndirildikdə Azərbaycana rəqib olaraq adlandırıla bilməyəcək qədər gücsüzdür.

 

AYNA xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Baş analitiki Məsumə Talıbova Ermənistanın hazırki iqtisadi vəziyyəti şərh edib. O, bildirir ki, təkcə ölkənin sosial vəziyyətinə nəzər salmaq xalqın bitkinliyini, müharibəyə hazır olmadığını anlamağa yetərli ola bilər: “Belə ki, cəmi 3 milyona yaxın əhalisi olan dövlətin demək olar ki, dörddəbirini (23,3 faiz) yoxsul əhali təşkil edir. Başqa sözlə, Ermənistan vətəndaşlarının hər 4 nəfərindən biri yoxsuldur. Əhalinin sağlamlığı və rifahı üçün önəmli göstərici olan qida təhlükəsizliyi də Ermənistanda ciddi dərəcədə aşağı həddədir. Belə ki, ölkənin 15,3 faiz əhalisinin qida təhlükəsizliyi problemi mövcuddur, 6 faiz əhali isə gündəlik tələbatı olan qidanı əldə edə bilməyərək aclıqla üzləşir”.

“Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına əsasən, Ermənistanın qida idxalının ölkənin ümumi ixracına nisbəti 24 faiz təşkil edir. Bu da ölkə əhalisinin qida təminatının nə dərəcədə idxaldan asılı olduğuna işarədir. Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramının açıqladığı məlumatlara görə, Ermənistan taxıl və taxıl məhsullarının 67 faizini, quş ətinin 78 faizini, ümumi ət məhsullarının ortalama olaraq 50 faizini, bitki yağlarının 96 faizini, paxlalı bitkilərin isə 50 faizini idxal edir”, - deyə Talıbova qeyd edir.

Onun sözlərinə görə, BMT bu göstəriciləri nəzərə alaraq Ermənistanın qida təhlükəsizliyinin aşağı olduğunu, əhalinin qida təminatının, xüsusilə fövqəladə hal olduqda ciddi risk altında olduğunu da qeyd edib: “Bundan başqa, Qlobal Qidalanma Hesabatının (“Global Nutrition Report”) təhlillərinə əsasən, Ermənistanda qida məhsullarının diversifikasiyası aşağı həddədir və əhali qeyri-sağlam qida vərdişlərinə sahibdir. Bu da öz növbəsində əhalinin sağlamlığına və fiziki məhsuldarlığına mənfi təsir göstərir. Dünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə görə, Ermənistanda əhalinin 48 faizi artıq çəkidən əziyyət çəkir. Keçirilən sorğulara əsasən isə 5 yaşa qədər uşaqların 9 faizində boy artımında problemlər, 14 faizində artıq çəki, 16 faizində isə anemiya (qan azlığı) problemləri aşkarlanıb”.

“Əsas idxalçıları Rusiya, Ukrayna, Latın Amerikası, Gürcüstan, Afrika, Braziliya, Hindistan olan və xalis qida idxal edən bir ölkə kimi Ermənistanın qida təminatı bir çox amildən – yerli valyuta məzənnəsi, idxalçılarla olan əməkdaşlıq, xarici ölkələrə çıxış və daşımaların sürətliliyi kimi logistik imkanlardan çox asılı vəziyyətdədir. Bu da ölkədə istehlak olunan qida məhsullarının qiymətinin qeyri-stabil olmasına gətirib çıxarır. Yerli məhsulların qiymətlərinin dəyişkənliyi də müxtəlif daxili faktorların qeyri-sabit olmasından asılı olaraq yüksəkdir. Belə ki, FAO-nun “Qida məhsullarının qiymətlərinin volatilliyi” indeksinə görə, Ermənistanda yerli məhsulların qiymətlərinin volatillik göstəricisi 12 faizinə yaxındır. Bu göstəriciləri nəzərə alaraq qeyd etmək olar ki, Ermənistanın ərzaq təhlükəsizliyi siyasi sabit dönəmdə bu dərəcədə mənfi olduğu halda, müharibə şəraitində daha da pisləşəcək. Yəni, müharibə şəraitində həm maliyyə resurslarının hərbi xərclərə yönəldilməsi, həm də siyasi və logistik məhdudiyyətlər ərzaq məhsullarının idxalına da mənfi təsir göstərəcək. Eyni zamanda, yerli məhsulların istehsalında iştirak edən əmək qüvvəsinin səfərbər olunması (yaşı 55-ə qədər olan bütün kişilərin döyüşlərə cəlb olunduğunu nəzərə alaraq) ərzaq təhlükəsizliyini aşağı salacaq. Bu da öz növbəsində Ermənistan ordusunun ərzaq təminatına öz mənfi təsirini göstərəcək”, - deyə analitik sonda vurğulayıb. 

Müəllif: Ayna.az