“Tarixi gün”də Belarusdan Kiyevə hücum ehtimalı: “Bütün ssenarilərə hazırıq”

Dünya

20.02.2023 - 22:07

Ukrayna Dövlət Sərhəd Xidməti qorxuya əsas görmür: “Orada vəziyyət Ukrayna sərhədçilərinin nəzarəti altındadır”

Ukrayna Dövlət Sərhəd Xidməti Belarusdan Kiyevə hücum ehtimalını qiymətləndirib. AYNA-nın xəbərinə görə, ukraynalılar qorxurlar ki, işğalçı müharibənin ildönümünə qədər rus qoşunları yeni hücuma keçib paytaxtı ələ keçirməyə cəhd edə bilərlər.

AYNA xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəsmisi Andrey Demçenko yerli mediaya bildirib ki, Ukrayna-Belarus sərhədində Rusiya hərbçiləri var, lakin orada vəziyyət Ukrayna sərhədçilərinin nəzarəti altındadır.

“Belarusla sərhəddə vəziyyət tam nəzarət altındadır. Təbii ki, bu istiqamətə kifayət qədər diqqət yetirilir. Çünki orada - Belarus ərazisində Rusiya Federasiyasının bölmələri var", - Demçenko bildirib.

Eyni zamanda, Demçenko 24 fevral 2022-ci il hadisələrinin təkrarlanması üçün Belarusla sərhəddə rus qoşunlarının lazımi zərbə qüvvəsinin olmadığını qeyd edib: “Hazırda biz Ukrayna ərazisinə işğalı həyata keçirə biləcək belə zəruri şok qruplaşmanı görmürük”.

Onun sözlərinə görə, sərhəddə analoji durumu vəziyyəti Belarus ərazisinin dərinliklərində izləyən Ukrayna kəşfiyyatçıları da təsdiqləyir.

Buna baxmayaraq isə Dövlət Sərhəd Xidməti rəsmisi qeyd edib ki, Ukrayna sərhədçiləri istənilən gözlənilməz ssenarilərə hazırdır: “Mütəxəssislər sərhədin möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirir və düşmənin hücumu ehtimalını daim təhlil edirlər”.

Ekspertlər Rusiyanın “tarixi günlər”ə önəm verdiyini, 24 fevralın işğala başladığı gün olduğundan Kreml üçün “tarixi gün” olduğuna əsaslanırlar və bildirirlər ki, həmin gün Rusiya ordusu genişmiqyaslı hücuma keçə bilər. Təhlillərdə hücumun Belarus istiqamətindən Ukraynanın paytaxtı Kiyevə ediləcəyi də istisna edilmir.

Nəzərə almaq lazımdır ki, ötən ilin fevralında Rusiya qüvvələri hər tərəfdən Kiyevə hücum etdi. Ruslar Ukrayna paytaxtına girməyi bacarsalar da, Ukrayna ordusunun əks həmlələri ilə Kiyevi bir neçə gündən sonra tərk etməli oldular. Mütəxəssislərin qənaətincə Kiyevin işğalı Rusiya üçün çox önəmlidir. Çünki paytaxtın Ukrayna üçün itirilməsi Rusiyanın müharibəni qazanması anlamına gələcək.

Onu da qeyd etmək lazımdır ki, hazırda Belarusda Rusiya qüvvələri mövcuddur və onların hücuma hazırlaşdığlı barədə yerli və beynəlxalq mediada kəşfiyyat məlumatları paylaşılır.

Kiyevə ikinci hücum ehtimalı - nə qədər hərbi və texnika lazımdır?

Qeyd edək ki, Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviçin sözlərinə görə, Rusiya Belarusdan Kiyevə ikinci hücum üçün ən azı 150 min nəfərlik zərbə qüvvəsini təmin etməlidir. Arestoviç qeyd edib ki, yanvarın 15-nə olan məlumata görə, orada bu sayda qoşun müşahidə edilməyib. Müvafiq qruplaşmanın formalaşması üçün heç bir ilkin şərtlər də yoxdur.

Həmçinin, hərbi ekspert Aleksandr Kovalenko Kiyevə qarşı minimal uğurlu hücum üçün rus qoşunlarına 825 tank, 2475 zirehli döyüş maşını, 900 özüyeriyən silah və MLRS, həmçinin 225 hava hücumundan müdafiə sistemi ilə təmin edilməli olacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, Belarus ərazisində belə resurs yoxdur.

Ukrayna Silahlı Qüvvələri də “Kiyevin tutulması”nın mümkünlüyünə şübhə ilə yanaşır. Xüsusilə, Kiyev Müdafiə Qüvvələri və Müdafiə Vasitələrinin komandanı general-leytenant Oleksandr Pavlyuk paytaxt üçün təhlükənin olmadığını, lakin Ukrayna hərbçilərinin istənilən gərginliyə hazır olduğunu bildirib.

Müəllif: Turan Abdulla