Sumqayıtda qətl: ər arvadını hoteldə boğub

Hadisə

17.01.2021 - 14:34

Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

 

Yanvarın 17-də saat 07:00 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızının meyitinin aşkar edilməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluqdan AYNA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranan münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Orxan Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az