Soydaşımız öz həyat yoldaşını, görün nəyə məcbur edib

Hadisə

16.07.2019 - 14:58

Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

 

Azərbaycan Respublikası vətəndaşları Rəsulov Elburus Seyfəli oğlu və onun həyat yoldaşı Ağayeva Elvira Zabir qızı birlikdə piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun sərnişin idxal xəttində gömrük nəzarəti zamanı saxlanılıb. Onların üzərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, Ağayeva Elvira Zabir qızının üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada açıq qəhvəyi rəngli, birxətli, üzərində "F/M40" yazısı olan 330 ədəd "Metadon" adlı həblər aşkar edilib.

 

Fakt üzrə ilkin araşdırma zamanı Elvira Ağayeva həmin həblərin onunla birlikdə İran İslam Respublikasından gələn həyat yoldaşına məxsus olduğunu, onun tapşırığına əsasən gömrük nəzarətindən gizlətmək məqsədilə belə bir addım atdığını bildirib. Elburus Rəsulov da qadının dediklərini təsdiq edib.

 

Xatırladaq ki, “Metadon” "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir. Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az