“Sovetski” sakinlərinə verilən vəd yerinə yetirilmir və müvafiq qurum susur

Cəmiyyət

16.08.2020 - 14:43

Vəkil: “Əksəriyyətinə o qədər az kompensasiya verilib ki, hələ də özləri üçün ev ala bilmirlər”

 

11 avqust 2020-ci ildə keçmiş Sovetskaya küçəsinin (indiki Nəriman Nərimanov prospekti) bir qrup keçmiş sakini, bir zaman evlərinin olduğu yerdə etiraz aksiyası keçirdi. Xatırladaq ki, 2014-cü ilin fevral ayından başlayaraq, “Sovetski” ərazisində yerləşən evlərin sökülməsinə başlanıldı. “Sovetski” Bakının Yasamal rayonunda Nəriman Nərimanov prospekti ilə Səid Rüstəmov və Zülfi Adıgözəlov küçələri arasında yerləşən tarixi yaşayış məhəlləsi idi.

 

Rəsmi məlumata görə, 26 hektardan çox ərazidə cəmi 1920 ev sökülməlidir. Evlərin sökülməsi iki mərhələdə aparıldı. Birinci mərhələ 2014-2015-ci illəri əhatə etdi. Ev söküntüsünün ikinci mərhələsi 2018-2019-cu illərdə baş tutdu. Sökülən evlərin sahiblərinə ayrılan kompensasiya məbləği hər kvadrat metrə görə 1500 manat təşkil edib.

В Баку начнется второй этап масштабного сноса "Советской" ...

Etirazçıların sözlərinə görə, təzminat miqdarını təyin edərkən, icra hakimiyyəti orqanları evlərinin ərazisini bilərəkdən tam qiymətləndirməyib. Sakinlərin fikrincə, bu, onlara natamam kompensasiya ödənilməsinə səbəb olub.

 

Narazılar bildiriblər ki, sonradan Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) onlara hər kvadrat metrə görə 500 manat əlavə pul vəd edib. Amma 500 manat əvəzinə sakinlər, təxminən 180-250 manat alıblar.

 

Keçmiş Sovetskaya küçəsinin sakinlərindən Ramin Sanaflının AYNA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi onlara hər kvadrat metrə görə 1500 manat məbləğində kompensasiya verildiyini iddia edir: “Ancaq bu, yalandır. Bizə belə kompensasiya mənzilin yalnız bir hissəsi üçün ödənilib. Mənzilin çox hissəsi üçün hər kvadrat metrə görə cəmi 300 manat almışıq. Bizə əlavə pul verəcəklərini vəd etdilər. Ancaq hələ də verməyiblər. Yasamal Rayon İcra Hakimiyəti məmurlarının bildirdiyinə görə, gecikmə koronavirusun yayılması ilə əlaqədardır. Amma əlavə məbləği bizə hələ 2015-ci ildə ödəyəcəklərini söz vermişdilər”.

 

Məsələ ilə bağlı BŞİH-in şöbə müdiri Zülfəli İsmayılov isə AYNA-ya dedi ki, kompensasiya məsələsi onun səlahiyyətinə aid deyil: “Sakinlərə verilən kompensasiyanın miqdarı mənim tərəfimdən müəyyən edilmir. Mən yalnız söküntü işləri ilə məşğulam. Kompensasiya məbləği Maliyyə Nazirliyi və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilir. Ancaq hesab edirəm ki, bu məbləğ kifayət qədər ədalətli idi”.

 

Dayanmayıb, Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) Sosial-iqtisadi inkişaf və proqnozlaşdırma şöbəsinin müdiri Nurlanə Şükürzadə ilə əlaqə saxladıq. O bildirdi ki, sakinlərə ayrılan kompensasiya məbləği özbaşına təyin edilməyib: “Məbləğ Maliyyə Nazirliyi ilə birgə aparılan araşdırmanın nəticəsi əsasında formalaşıb”.

 

Bəs, Maliyyə Nazirliyi “Sovetski” sakinlərinə ödəniləcək kompensasiyanın miqdarını hansı meyarlar əsasında müəyyənləşdirib? Nazirliyin mətbuat xidmətindən AYNA-ya deyildi ki, bunun üçün yazılı müraciət etməliyik. Elə də etdik. Amma müraciətimizdən iki gün keçməsinə baxmayaraq, Nazirlikdən bizə heç bir cavab verilmədi.

 

Qeyd edək ki, "İnformasiya əldə etmək haqqında" qanuna görə, məlumatın operativliyini itirmək təhlükəsi varsa, jurnalistin sorğusuna 24 saat ərzində cavab verilməlidir.

 

Sözügedən sakinlərin hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov isə bizimlə söhbətində qeyd etdi ki, bəzi sakinlər, ümumiyyətlə heç bir kompensasiya almayıblar: “Onların evləri dağıdılıb. Əksəriyyətinə o qədər az kompensasiya verilib ki, hələ də özləri üçün ev ala bilmir”...

Müəllif: Rəşad Rüstəmov