Sonuncu sərkərdə, naibiüssəltənə, tacsız şah

Tarix

04.07.2020 - 22:00

Nadir Şahdan sonra axır zaman tariximizin ən möhtəşəm şahı ola bilərdi...

 

Ömrü, gəncliyi Azərbaycana bağlı olan, mürəkkəb dövrün mükəmməl şəxsiyyəti vəliəhd şahzadə, Naibüssəltənə Abbas Mirzə Qacar Qovanlı. Yaşadığı dövr ölkəsinin Rusiya, İngiltərə, Fransa və Osmanlı kimi böyük dövlətlərlə gərgin diplomatik münasibətlər, hətta müharibələrinin baş verdiyi dönəmə təsadüf edir. Dövrün siyasi, hərbi və təhsil sahəsində əməyi olsa da, iki əsrdir adına nəğmələr qoşulub, şəninə təriflər yağdırılsa da, o, Azərbaycan tarixində bəxtsiz şahzadə olaraq adını yazdırdı. Bəlkə də, Nadir Şahdan sonra son zamanlar tariximizin ən möhtəşəm şahı olacaqdı. Ömür vəfa etmədi.

 

Biz onu daha çox Rus-Qacar müharibələrindən, “Gülüstan” və “Türkmənçay” müqavilələrindən tanıyırıq. O, Ağaməhəmməd Şah Qacarın qardaşı nəvəsi, Fətəli Şah (Baba şah) Qacarın oğludur. 1788-ci ildə indiki İranın Larican mahalında dünyaya göz açıb. Anası Asyaxanım Dovalıdır (Dəvəli). Özündən böyük iki, doğma olmayan qardaşı vardı. Ağaməhəmməd Şah Qacarın öz övladı olmadığından, özündən sonra qardaşı oğlu Fətəli Mirzə şah olacaqdı. Fətəli Mirzədən sonra isə onun kiçik oğlu Abbas Mirzəni vəliəhd elan etdi. Buna səbəb səltənətdə həm ana, həm də ata tərəfin Qacar nəslindən olması şərt idi. Fətəli şahın digər həyat yoldaşının başqa soylardan olması digər övladların vəliəhd olmasına mane olurdu.

(Ağaməhəmməd Şah Qacar)

 

Abbas Mirzə bir yaşından Ağaməhəmməd Şahın birbaşa nəzarətində sarayda tərbiyyə alırdı. Onunla ölkənin müxtəlif yerlərindən gətirilmiş xüsusi yetişdirilən tərbiyyəçilər, müəllimlər məşğul olurdular. Lakin Abbas Mirzənin 4 yaşı olarkən qəfil xəstələnir, aylarca dərdinə çarə tapılmır. Bir çox ölkələrdən təbiblər dəvət olunur. Qismən sağalsa da, 14-15 yaşına kimi əziyyət çəkməli olur. Yeniyetməlik yaşında ağır milli döyüş növləri, pəhlivanlıq məşqləri edən Abbas Mirzə xəstəliyə qalib gəlir. İngilis Malkolm Abbas Mirzə haqqında yazarkən, onun sümük-ilik xəstəliyindən əziyyət çəkdiyini bildirmişdi. Bu xəstəlik onda bir də 30 yaşından sonra yenidən özünü biruzə vermişdi.

 

On bir yaşlı qəhrəman

 

Abbas Mirzənin fəaliyyət dövrü Azərbaycan tarixinin ən ağır dövrünə təsadüf edirdi. Bütövlüyü qoruyub saxlamaq üçün, o özü şəxsən böyük mücadilələrdən keçmişdi. Rusiya İmperiyasının hələ 1783-cü ildə Şərqi Gürcüstan çarı ilə “Georgiyevsk” müqaviləsi bağlaması və onu himayəsinə alması Azərbaycanın bəzi xanlarını narahat etmişdi.

 

1795-ci ildə Ağaməhəmməd Şah Qacar da bir neçə istiqamətdə Azərbaycana yürüş edərək rusları bu ərazidən sıxışdırıb çıxarmağı planlayırdı. Düşünürdü ki, əsas təhlükələrdən biri də Gürcüstan tərəfindən gələ bilərdi. Onun üçün yaşlı İrakliyə xəbər vermədən hücuma keçdi. Bu zaman Abbas Mirzə də onunla bərabər yürüşlərə qatılırdı.

 

Ağaməhəmməd Şahın öldürülməsindən sonra bütün yürüş planları yarımçıq qaldı. Qacar şahının ölümündən sonra Azərbaycanın cənubunda bir sıra xanlıqlar azad olmaq üçün üsyana qalxdılar. Fətəli Mirzə Tehranda şahlıq tacı geyinərkən, 11 yaşlı Abbas Mirzə Təbriz hakimi ilə birgə 1799-cu ildə Xoyda, Marağada çıxan Cəfərqulu Xanın üsyanlarını böyük bacarıqla yatırmış, bölgədə sülh və sabitliyin qorunmasına birbaşa nəzarət etmişdi.

(Fətəli Şah Qacar)

 

Daha bir təhlükə isə Car-Balakən camaatlığının 1803-cü ildə “Andlı öhdəlik”i qəbul etməsindən sonra başladı. Gəncə və Car-Balakən ərazisindən ruslar Azərbaycanın içlərinə doğru irəliləyirdilər. 1804-cü ilin yanvarında Gəncə xanlığının işğal edilməsi artıq Qacar sarayında ciddi təşvişə səbəb olmuşdu. Hətta, Abbas Mirzə və Fətəli Şahın birgə qərarına əsasən, Rusiya İmperatorluğuna ordusunu Gəncədən və Şərqi Gürcüstandan çəkməsi haqqında tələbnamə göndərildi. Bu, rədd edilincə müharibə qaçılmaz idi.

 

Xəyanət, xəyanət...

 

Tehranda ordu hazır vəziyyətə gətirildi. Saray əhlinə, sadəcə ölkə daxilindəki bəzi xanların qiyamını yatırmaq üçün belə hazırlıq görüldüyünü demişdilər. Əslində isə şimala səfər vardı. Hazırlıqlar başa çatdıqdan sonra ordu qarşısına çıxan Fətəli Şah onları salamladı və hələ Ağaməhəmməd Şahın zamanında vəsiyyəti olan “Qacar qanunu”nu oxudu. Vəliəhd Abbas Mirzəni nizami ordunun komandanı və dövlətin rəsmi varisi təyin etdi. Abbas Mirzə gənc təcrübəli sərkərdə kimi şöhrət qazanmışdı. Ona görə də bu təyinat həm xalqın, həm də ordunun ürəyincə oldu.

 

1804-cü ilin Novruz bayramı ərəfəsində Abbas Mirzə ordusu ilə yola çıxdı. Əvvəl Qəzvinə gələrək, buradakı ordunu da yoxlayaraq nəzərdən keçirdi və Təbrizə doğru yola çıxdı. Məqsəd tez bir zamanda Arazı keçmək idi. Lakin Abbas Mirzə Təbrizdə bir neçə gün qalmalı idi. Burada o zaman Azərbaycanın təcrübəli hakimi olan Əhməd Müqəddimlə görüşəcək və ondan xeyir-dua ilə yanaşı, bəzi hərbi taktikaları, gizli keçid yollarını da öyrənməli idi.

(Abbas Mirzə Qacar)

 

İrəvan xanı Məhəmməd xanın ruslara İrəvan ətrafında ordugah qurmaq icazəsi xəbəri Abbas Mirzəyə çatan kimi o, Təbrizdə qalmağın mənasız olduğunu düşündü və təcili şimala doğru hərəkətə keçdi. Şahın da əmri ilə xanədana xəyanət etmiş xan vəzifəsindən azad edildi. Qarabağ xanı İbrahim xan da müharibə gedişində xəyanət yolunu seçib, ruslarla 1805-ci ildə “Kürəkçay” müqaviləsini bağlamışdı. Sonradan peşman olub Abbas Mirzəyə məktub yazıb, səhv etdiyini boynuna alsa da, ruslar bundan xəbər tutmuş və onu vəhşicəsinə qətlə yetirərək, nəşini Abbas Mirzənin ordugahına göndərmişdilər. Xanın xəyanəti və acı sonu onu dərindən sarsıtmışdı. Məhz onun sonda məğlub olmasının kökündə də lap əvvəldən öz xanlarımız, bəylərimiz tərəfindən əsasını qoyulan xəyanətlər, rus casuslarına içdən xəbər sızdırılması idi. Lakin Abbas Mirzə Avropa tipli nizami ordu qurmuşdu. Bu ordu ilə bir neçə qələbə də qazanmışdı.

 

Napoleon və Abbas Mirzə

 

Müharibə dövründə Abbas Mirzə boş dayanmırdı. Həmin dövrdə Rusiya ilə münasibətləri gərginləşən Fransa İngiltərənin Şərq müstəmləkələrinə, xüsusən də Hindistana iddialı idi. Abbas Mirzə bu fürsəti dəyərləndirərək, Osmanlı İmperiyasının paytaxtı İstanbulda yerləşən Fransa Konsulluğuna məktublar göndərir, fransız nümayəndə heyəti ilə görüşmək istədiyini bildirirdi. Ayrıca o, Napoleon Bonapartın ordu komandanlığına da heyran idi. Məhz yeni tipli ordunu da Bonapart ordusu sistemində qurmaq istəyirdi.

 

Məktubları xoş qarşılayan fransız nümayəndə heyəti Abbas Mirzə ilə görüşdü və onu Fransanın dostu elan etdi. Abbas Mirzənin istəyi ilə Fransa ilə əbədi dostluq müqaviləsi bağlandı. O, eyni zamanda Fransa hökumətindən xahiş etdi ki, hərbi sahədə ən yaxşı mühəndisləri, müəllimləri İrana göndərsinlər. Bu münasibətlə Abbas Mirzə Abbasabad qalasını da inşa etdirmişdi. Bir neçə il fransız mühəndis və müəllimlər İranda işlədilər.

("Gülüstan" müqaviləsi)

 

Lakin Napoleon Bonapart az sonra İrana ediləcək köməklərdən vaz keçir. Çünki, Rusiyaya qarşı İrana kömək edərkən, Hindistana gedəcək yolda da İngiltərə ilə müharibəyə girmək çətin idi. İki cəbhədə güclü dövlətlər ilə müharibə, öz müstəmləkələri və dövlət idarəçiliyi onlara ağır gəlmişdi. Lakin sənədlərdə İngiltərənin pozuculuq siyasətinin də bu dostluğun pozulmasında rolu olduğu deyilir.

 

Naibiüssəltənə: ədalət və qətiyyət

 

Abbas Mirzə Azərbaycan tarixində hərbi sahədə islahatçı olmaqla yanaşı, maarifdə, təhsildə də islahatçı idi. O, seçmə gəncləri Fransaya təhsil üçün göndərmişdi. Eyni zamanda, Fransadan gələn müəllimlər İranda gənclərə bir neçə il hərbi dərs də keçmişdilər. 1812-ci il məğlubiyyətindən sonra Abbas Mirzə ordunu daha da təkmilləşdirmək qərarına gəlir. Bunun üçün ölkə ərazisində çaparxana və poçt rabitəsi qurdurmuşdu. Rusiya İmperatorluğunun sarayında ən çox Abbas Mirzədən çəkinilirdi. Hətta, onlar Abbas Mirzəni bu səbəbdən vəliəhd kimi tanımırdılar da. Yalnız 1819-cu ildə tanıdılar. “Gülüstan” müqaviləsi bağlananda 5-ci maddəyə əlavə olunan Xəzər  dənizinin Rusiya dənizinə çevrilməsinə qəti etiraz etmişdi.

 

Naibüssəltənə həm də ədaləti ilə seçilirdi. Məsələn, Fətəli Şah rus zabit və əsgərlərinin kəsilmiş başını tələb edirdisə, Abbas Mirzə bu adəti ləğv etdi. O, əsir düşmüşlərə də ədalətli davranılması, yemək və çayın müsəlmanlarla eyni səviyyədə verilməsi üçün göstəriş vermişdi. Hətta, “Türkmənçay” sülhündən əvvəl baş tutan “Dehqarqan” danışıqları zamanı da Abbas Mirzə qətiyyət göstərərək, Paskeviçi rus ordusunun Təbrizdə saxlanılması fikrindən daşındırmışdı. Baxmayaraq ki, Qacariyyə dövləti məğlub tərəf idi, Abbas Mirzə ruslara bir sıra tələblərini qəbul etdirmişdi.

 

Naibiüssəltənənin tarixi abidələrə də böyük marağı vardı. onun Azərbaycanda tikdirdiyi və təmir etdirdiyi abidələrin siyahısı aşağıdakı kimidir:

 

1. Arazın sahilində Abbasabad qalası;

2. Dağılmış Ərdəbil qalasının və Şeyx Səfi türbəsinin təmiri;

3. Təbriz qalasıın ikinci Şirhacı qolunun tikilməsi;

4. Məhəmmədhəsən Xanın zamanında tikilmiş Xoy qalasının təmiri. Bura əlavə olaraq Naibüssəltənə divarının inşası;

5. Xoyda Mahud istehsalı müəssisəsinin tikintisi;

6. Qaracadağda Kordəşt qalasının inşası;

7. Ərdəbildə yolüstü tacirlərin yerləşməsi üçün tikilən Əqəbeyi-Sayın karvansarasının təmiri;

8. Təbriz darüssəltənəsinin sarayları;

9. Təbrizdə “Baği-şimal” və “Baği-səfa”nın salınması;

10. Təbrizdə Barıt İstehsalı Müəssisəsinin tikintisi.

 

Sirli ölüm

 

Ailəsi böyük idi. 1802-ci ildə atasının istəyi ilə Dəvəli tayfasından olan Xırda Xanım Dəvəli ilə evləndi. Digər evlilikləri ilə birlikdə 27 oğlu-qızı vardı. Onlardan böyüyü Məhəmməd Mirzə idi ki, atası dünyasını dəyişərkən, vərəsə olaraq hakimiyyətə gəlmişdi. 1834-1848-ci illərdə Qacar dövlətini idarə etmişdi. Digər tanınmış övladı isə Bəhmən Mirzə idi ki, o da Azərbaycanın ilk tarixçi alimi olaraq tanınır. Azərbaycan Cümhuriyyət ordusunun görkəmli şəhid generalları olan şahzadələr Feyzulla Mirzə Qacar, Əmir Kazım Xan Qacar və digərləri də onun nəticələri idilər.

(Abbas Mirzənin oğlu Məhəmməd Şah Qacar)

 

Fasiləsiz müharibələr, ağır həyat şəraiti, rütubət Abbas Mirzənin uşaqlıqda tutulduğu sümük-ilik xəstəliyini yenidən şiddətləndirmişdi. Bəzən ağrılara dözmür, huşunu itirirmiş. Buna baxmayaraq, yenə də hərbi səfərlər təşkil edirmiş.

 

Son günlərini fəth etdiyi Xorasanda keçririr. O, Herat üzərinə hücuma hazırlaşırdı. Burada onu ingilislərlə döyüş gözləyirdi. Lakin 1832- ci ildə (bəzi mənbələrdə 1833) qəfil dünyasını dəyişir. Və həm də şahlıq tacı taxmadan – vəliəhd kimi.

(Abbas Mirzənin tarixçi oğlu Bəhmən Mirzə Qacar)

 

Atasından bir il (bəzi mənbələrə görə, iki il) əvvəl vəfat edən Abbas Mirzənin ölümü hələ də sirlidir. Təbiblərin fikrincə, xəstəlikdən dünyasını dəyişməsi bir neçə ay davam etməli idi. Bəlkə də ölümü ingilis casuslarının əli ilə oldu... Məzarı Məşhəd şəhərində İmam Rza məqbərəsinin yaxınlığındadır.

 

Abbas Mirzə bir sıra dilləri bilsə də, xarici nümayəndələr ilə öz ana dilində danışırmış. Bu haqda infgilis və fransız nümayəndə heyətləri öz qeydlərində yazıblar...

Müəllif: Şəhla Cabbarlı