Mikayıl Cabbarov: “Əmlak və kapital amnistiyası İşçi qrup səviyyəsində müzakirə edilir”
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkə iqtisadiyyatının durumu ilə bağlı geniş mətbuat konfransı keçirib. AYNA xəbər verir ki, nazir pandemiya dövründə ölkə iqtisadiyyatının vəziyyəti, sahibkarlıq subyektlərinin, vergi daxilolmalarının, gələcək taleyi haqqında ətraflı məlumatlar verib.
Cabbarov deyib ki, 2020-ci ilin birinci rübünün sonundan pandemiya ilə bağlı dünya iqtisadiyyatı yeni çağırışlarla üzləşib: “İlin sonuna qədər ölkə iqtisadiyyatında balanslaşdırılma baş verəcəyinə inanırıq. Sahibkarların fəaliyyətinin təşviqi davam etdiriləcək. Ölkənin sənaye parklarına bu gün böyük maraq hiss edirik. İnvestisiya layihələrinə maraq qalıb. Fikrimcə, yaxın vaxtlarda Sumqayıt Kimya Sənaye Parkında özəl sektor tərəfindən layihələrin həyata keçirilməsini müşahidə edəcəyik”.
“Ölkəmizdə vergiyə yığılan hər dörd manatdan üçü özəl sektordan toplanır. İndiyə kimi tərəfimizdən idarə edilən bir sıra biznes layihələri var. Pandemiya təsiri altında olan bir sıra sahələr müəyyən olunub və həmin sahələrə hazırkı vəziyyətdən az zərər çəkməsi üçün maliyyə dəstəyi verilib”, - deyə nazir söyləyib.
M.Cabbarov qeyd edib ki, pandemiya dövründə 130 min sahibkara maliyyə dəstəyi göstərilib: “İşçi heyəti ilə birlikdə 310 mindən çox şəxsə maliyyə yardımı verilib”. Bununla yanaşı o, vurğulayıb ki, İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün yeni platforma təqdim edilib: “Bu, Elektron Kredit Platformasıdır (e-edf.gov.az). Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər. Yeni platformada pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir. Sahibkarlar üç milyon manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə güzəşt 12 ay müəyyən olunub. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq”.
“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində tətbiq edilən risklərin qiymətləndirilməsi sistemi ilə bağlı yoxlamaların sayını azaltmışıq. Yanvar-aprel dövriyyələrində dörd faizlik artım müşahidə olunub. 2020-ci ilin yanvar-may aylarını ötən illə müqayisə etsək, cəmi daxilolmalarda 12 faizdən çox artım olub. Qeyri-neft sektoru üzrə daxilolmalarda 15 faizdən çox artım müşahidə edilib”, Cabbarov vurğulayıb.
“Ölkədə bir neçə mühüm layihə həyata keçirilir. Bakı-Ələt limanındakı infrastruktur Orta Asiyadan yeni növ yüklərin daşınmasına şərait yaradır”, - deyən nazir qeyd edib ki, limanın tranzit potensialı daha da genişləndiriləcək: “İqtisadi sahədə daha fəal özəlləşdirmə siyasətinin cəlb edilməsi mümkün olacaq”. M.Cabbarovun sözlərinə görə, hazırda daxili və xarici kapital mənbələri hesabına fondun yaradılması istiqamətində danışıqlar aparılır. Nazir əlavə edib ki, sənaye parklarında 150-200 milyon dollar arası yeni nəsil sərmayələrin təqdimatı üçün işlər həyata keçirilir.
M.Cabbarov bildirib ki, əmlak və kapital amnistiyası İşçi qrup səviyyəsində müzakirə edilir: “Buna sahibkarlar və bank sektoru tərəfindən maraq göstərilir. Beynəlxalq təcrübə nəzərdən keçirilir. Proses başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.