Sən demə, Azərbaycan əhalisi koronavirusdan qorxmurmuş - <font color=red> SORĞU</font>

Cəmiyyət

28.02.2020 - 10:17

"Çoxunun heç virus təhlükəsindən xəbəri yoxdur"

 

Bütün dünyanı cənginə almış koronavirus bəlası indi də Azərbaycan əhalisinin sıx gedib-gəldiyi qonşu İranda tüğyan edir. Mütəxəssilərinin bildirdiyinə görə, İranda virusa yoluxanlar arasında ölüm halları, xəstəliyin ilkin ocağı hesab olunan Çindən belə, çoxdur. Bütün bunlar nəzərə alınaraq artıq ölkəmizdə də virusa yoluxmamaq üçün bir sıra profilaktik tövsiyələr verilir, xəbərdarlıqlar edilir. Məsələn, qoruyucu maskadan istifadə etmək, əlləri tez-tez sabunla yumaq, spirtləmək və s. məsləhət görülür.

 

Maraqlıdır, əhali bu tövsiyələrə əməl edirmi, ümumiyyətlə koronavirusdan qorunmaq məqsədilə hər hansı bir tədbir görürlərmi? Sualımıza cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirdik. Aldığımız cavabları olduğu kimi tədim edirik:

 

Aybəniz Rəfiyeva: “Heç bir tədbir görmürəm, çünki satılan maskaların virusdan qoruduğuna qətiyyən inanmıram”.

 

Vüsal Qarayev: “Əllərimi tez-tez yuyub spirtləyirəm. Uşaqların da əllərini spirtləyirəm. Əslində, bilirəm virusun gələcəyi varsa, bu tədbirlər bir işə yaramaz, sadəcə psixoloji rahatlamaq üçündür”.

 

Təranə Xudabaxşiyeva: “Ofisi xlorla təmizləyiblər, işçilərimiz əllərini tez-tez yuyur, spirtləyirlər. Hər gün əllə salamlaşmağı da tərgidiblər”.

 

Elmir Muradov: “Evdə bununla bağlı xüsusi təlimat vermişəm. Apteklərdən maska tapa bilməsəm də, digər lazımlı tədbirləri görürəm. Əllərimi tez-tez sabunla yuyuram. Bütün yeməklərdə sarımsaqdan istifadə edirik. Sarımsaq bütün xəstəliklərin qarşısını alan tərəvəzlərdən biridir”.

 

Könul Aypara: “Tutalım, mən savaddan kəməm. Ucqar bir kənddə yaşayıram. Bu ölkənin vətəndaşıyamsa, demək Səhiyyə Nazirliyi adlı bir qurum tərəfindən məlumatlanmalıyam. İran sərhədi bağlanana kimi yox, ondan əvvələ kimi yatmamaq lazım idi. Təhlükə gəlib qapını döyəndə əl-ayağa düşüblər. O da mənim təpəmə dəysin”.

 

Mərahim Nəsib: “Qorunsaq nə olacaq, qorunmasaq nə? Azərbaycanın sağ ayaq yerinə sol ayaq kəsən, adi qripi sağalda bilməyən səhiyyəsi koronavirusa neyləyəcək ki? Bəlkə də ən birinci ehtiyyatsızlıq və səhlənkərlıq ucbatından özləri yoluxacaqlar?!"

 

Hakim İbişli: “Əvvəldən qripdən və digər xəstəliklərdən necə qorunurduqsa, indi də eynən onun kimi. Yəni xüsusi bir tədbir görmürük. Şübhəli nəsə olanda həmişə təbii vasitələrdən istifadə edib profilaktik tədbirlər görürdük. Yenə eyni qaydada hərəkət edirik. Maska üçün heç aptekə müraciət etməmişəm, etməyəcəm də. Hətta maskalar vasitəsilə xəstəliyin yayılmasına daha çox inanıram”.

 

Raminə Eyvazqızı: “Bizim camaatın normalda asqırmaq və öskürək mədəniyyəti yoxdur, adamın üstünə öskurub-asqırırlar. Çoxunun heç xəbəri yoxdur virus təhlükəsindən”.

 

Yaqub Məmmədov: “Gördüyümüz, yaxud görə biləcəyimiz tədbir bizi ancaq adi qripdən qoruya bilər, bunu da edirəm. Əgər qorunmaq istəyiriksə, İrana getməməliyik və bu ölkə ilə keçidlər bağlanmalı, hava nəqiliyyatı dayandırılmalıdır”.

 

Zamira Dadaşova: “Yox. Heç nə etmirəm. Əminəm, Azərbaycana o virus gələn deyil”.

 

Sevil Gültən: “Şəxsən mən heç bir tədbir görmürəm. Daim gigiyena qaydalarını gözləmişəm. İmmunitetim möhkəmdir. Maska da almamışam”.

 

Əpoş Vəliyev: “İş yerində əlləri tez-tez sabunla yuyur, toxunduğumuz əşyaları spirtlə dezinfeksiya edir, mümkün olduğu qədər qripli, xəstə insanlarla təmasdan uzaq olur, evə girərkən ayaqqabıları mütləq bayırda təmizləyirik. Evin havasını tez-tez dəyişir, uşaqlara C vitamini ilə zəngin qida və meyvələr verir, yeməklərində soğan və sarımsaqdan istifadə edirik. Ümid edirik ki, xəstəlik havaların isinməsi ilə bir an əvvəl ölkəni tərk edər. Yoxsa, bizim vicdansız işbazlarla və laqeyd səhiyyəmizlə heç bir yoluxucu xəstəliklə mübarizəyə hazır deyilik”.

 

Leyla Abdullayeva: “Mən qəti şəkildə inanmadığım üçün heç tədbir görmək fikrində deyiləm. Bizdə neçə aylardır çox ağır viruslar gəzir. Bəs onda neylədik? Heç nə. Yəni mənimçün koronovirus anlayışı boşdur”.

 

Ülviyyə Şahin: “Heç bir tədbir görmürəm. Nə maska, nə də spirt almışam. Koronovirus gəlsin, gələcəyi varsa, görəcəyi də var”.

 

Tahir Baliyev: “Bol sarımsaq və soğan yeyib ictimai nəqliyyata daxil oluram. Bir dəfə nəfəs alıb-verəndən sonra sərnişinlər ya düşürlər, ya da o biri qapının yanına qaçırlar. Beləcə, yoluxma ehtimalım sıfıra enir. Sınanmış üsuldur, tətbiq edin”.

 

İbrahim Kamiloğlu: “Xeyr, heç bir tədbir görmürəm. Maska-filan boş şeydir. Amma dünəndən işdə liftlərin çıxışlarındakı divarlara sprey spirt balonları vurulub. Hər dəfə liftdən çıxanda əllərimi spirtləyirəm. Şirkətə spirt qoyulmasa, onu da edəsi deyildim. Liftdən çıxanda gözə dəyir, iyindən də xoşum gəldiyi üçün əlimi yuyuram”.

 

Zərifə Bəşirqızı: “Uşaqlara maska geyindirdik. Çantalarına pulverizatorlu spirt və digər yuyucu, dezinfeksiyaedici məhlullar qoyuruq. Evə girən kimi əllərini sabunlayırlar 2-3 dəfə. Özüm isə ancaq əllərimi sabunlayıram, spirtləyirəm. Allah günaha yazmasın. Maşına hər oturanda spirtlə havanı dezinfeksiya edirik”.

 

Samir Güləliyev: “Heç bir tədbir görmürəm. Öləndə hamı öləcək, mən qalmayacam ki? Metroya, avtobusa minmək olmur, artıq camaat maska tapa bilmir, evdə döşək, yorğan üzü qalmayıb, hamısını şappalayıb bağlayıblar ağzına. Guya koranavirus ağızdan keçir, burunda ilişib qalır?”.

 

Əntiqə Rəşid: “İki dost uzaq səfərə cıxır, bunlar iki mərtəbəli avtobusla yol gedəsi olur. Dostun biri birinci mərtəbədə, o birisi ikinci mərtəbədə mərtədə yer alası olur. Xeyli getmiş dostun biri o birisinə zəng edir: “Ay Musa, ə, nətərdi vəziyyət?” Musa deyir: “Sağ ol, vəziyyət yaxşıdı, sürücü asta-asta sürür, xeyli yol qət elemişik. Yaxşı, ay Fazil sizdə vəziyyət necədi?” Dostu cavab verir: “Vallah, ay Musa, bizim durumumuz bir az fərqlidir, sizin kimi bəxtəvər deyilik, sürücümüz yoxdu. Əlimiz qalıb ürəyimizin başında, Allah ümidinə gedirik də, nə olar”.

 

Aida Aysa: "İmmunteti gücləndirmək üçün hər axşam zəncəfil, bal, limon qarışığı hazırlayıram".

Müəllif: Rumiyyə Miraslan