Səmayə Məmmədova vəzifəsindən ayrılıb

Xəbərlər

02.06.2021 - 17:50

“Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam”

 

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən ayrılıb. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Məmmədovanın özü bildirib.

 

O, 14 ildir çalışdığı vəzifədən ayrıldığını qeyd edib: “Əslində mən bu xəbəri sizinlə rəsmi iş məzuniyyətim bitdikdən sonra bölüşməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam”.

 

“Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim mənəvi atam, dostum, qardaşım, böyük məktəbim, həyatım boyu haqqında qürurla danışacağım doğmam oldu. Bundan sonrakı dönəmdə də hər kəsə böyük uğurlar, can sağlığı arzu edir, bir daha nazirliyin fəaliyyətində göstərdiyiniz dəstək və dostluğunuz üçün təşəkkürümü bildirirəm”, - deyə Məmmədova vurğulayıb.

Müəllif: Ayna.az