Cahit Bağçı: "Türkiyə və Azərbaycan arasında əlaqələr bütün sahələrdə inkişaf edir"
"Azərbaycan Avropanı qazla təmin etmək imkanına malikdir. Amma bu tam təminat deyil. Digər yollar axtarmaq lazım gəlir. Bu məsələyə Orta Asiya ölkələrini də cəlb etmək çox mühümdür".
AYNA xəbər verir ki, bunu “Diplomatiya həftəsi” çərçivəsində keçirilən “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Türkiyə və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdıran səfir Azərbaycan qazının Qərb ölkələrinə Türkiyə üzərindən verildiyini vurğulayıb.
“Hazırda geosiyasi vəziyyət çox dəyişib. Dünyanın və Avropanın memarlarının dəyişdiyi göz önündədir. Baxış diplomatiyası da təbii olaraq dəyişir. Sülh, təhlükəsizlik, qida və enerji hazırda dünyanı narahat edən qlobal problemlərdir”, - deyə diplomat vurğulayıb.