Azərbaycan UNESCO-nun İcraiyyə Şurasına seçilib

Mədəniyyət

17.11.2021 - 21:12

Həkimlər Klinikalar SEO Xidməti

Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayıb

Azərbaycan 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına seçilib. Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə 17 noyabr 2021-ci il tarixində YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində UNESCO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib.

Məlumatda deyilir ki, seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycan Respublikasının namizədliyi irəli sürülmüşdü: “Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan Respublikası 143 səs toplayaraq Şuraya üzv seçilib. Ölkəmizin namizədliyinin yüksək sayda dövlət tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının elm, təhsil və mədəniyyət sahəsinə ayırdığı yüksək diqqətin və mədəni irsin mühafizəsinə nümayiş etdirdiyi diqqətin qlobal miqyasda qiymətləndirilməsinin göstəricisidir. UNESCO İcraiyyə Şurasına üzvlüyü dövründə Azərbaycan Respublikası xüsusilə inkişaf etməkdə olan ölkələrdə UNESCO -nun mandatının effektiv şəkildə həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəkdir”.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək Azərbaycan Respublikasının namizədliyinə öz dəyərli dəstəyini göstərmiş bütün UNESCO üzv dövlətlərinə öz minnətdarlığını bildirir”, - deyə qeyd edilib.

Müəllif: Ayna.az