Milli Məclisdə ildırımsürətli qərar

İqtisadiyyat

13.11.2019 - 15:49

Həkimlər Klinikalar SEO Xidməti

Nə proqramlar və strategiyalar üzərindən müzakirə edilir, nə bu büdcə ilə qısa və orta dövrdə hansı nəticələrin əldə olunacağı dartışılır

 

İki komitə iclasındakı müzakirələri nəzərə almasaq, dövlət büdcəsi parlamentin cəmi 1 plenar iclasında müzakirə edildi. Dünənki gün, 26 milyard manata yaxın xərclə proqnozlaşdırılan dövlət büdcəsinə həsr edildi, bu gün artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə baxıblar.

 

Əslində, bu cür ildırımsürətli müzakirənin hər hansı effekti yoxdur. Nə proqramlar və strategiyalar üzərindən müzakirə edilir, nə bu büdcə ilə qısa və orta dövrdə hansı nəticələrin əldə olunacağı dartışılır. Sahə qurumlarının rəhbərləri çıxıb öz büdcələrini əsaslandırmırlar.

 

Yeri gəlmişkən, dünən Siyavuş Novruzov deyib ki, “bizdə prezidentli respublika olduğuna görə sahə qurumlarının rəhbərlərinin gəlib hər birinin öz büdcəsini əsaslandırmasına ehtiyac yoxdur”.

 

Yanlış müqayisədir. Türkiyə prezidentli siyasi sistem keçdi, amma yenə hər nazir öz büdcəsini təqdim edir, proqram və startegiyalar ilə büdcə arasında əlaqəni təqdim edir, parlament qarşısında xərcləri əsaslandırır.

 

Parlamentdə büdcə müzakirələrinin sürətinə görə dünya reytinqi tərtib edilsə, biz top 10-luqda yer alarıq.

 

Fikrimcə, vətəndaş cəmiyyəti artıq büdcəni rəqəmlər üzərindən (nə artdı, nə azaldı və s.) analiz etməkdən daha çox, effektiv xərclənmə, müzakirə prosesinin effektivliyi, büdcə şəffaflığı kimi məqamları önə keçirməlidir.

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert