Sabiq nazir yeni nazir haqda: “Ciddi təmizləmə aparmalıdır”

Siyasət

16.07.2020 - 19:00

“Qarabağ münaqişəsinə dair qərar qəbuletmə mexanizminin dəyişəcəyini düşünmürəm”

 

2004-cü ildən ölkənin Xarici İşlər Nazirliyinə rəhbərlik edən Elmar Məmmədyarov bu gün Azərbaycan Prezidentinin sərəncamı ilə vəzifəsindən azad edildi. Bu günə qədər Təhsil naziri olan Ceyhun Bayramov isə diplomatik idarənin yeni rəhbəri oldu.

 

AYNA-ya açıqlama verən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov ümid edir ki, yeni yətinatla Azərbaycan diplomatiyasının qara səhifəsi tamamilə başa çatacaq: “O dövrün bütün çatışmazlıqları haqqında çox danışmışam. İndi  danışmağa ehtiyac yoxdur, çünki bu sahədə hər şey yenidən qurulmalıdır. Bizə yalnız yeni naziri təbrik etmək və ona uğurlar diləmək qalır. Onun vəzifələri, görəcəyi işlərin konturları dünən cənab Prezident Xarici İşlər Nazirliyinin işi barədə danışarkən qismən cızıldı. Düşünürəm ki, ölkənin Xarici İşlər Nazirliyinin fəaliyyət tərzində müəyyən dəyişikliklər olacaq. İctimaiyyətlə daha fəal iş aparılacaq, Xarici İşlər Nazirliyinin işində çox vacib olan düşünülmüş kadr siyasəti aparılacaq. Və təbii ki, iddialı, aktiv diplomatiya gözləyirəm”.

“Belə deputatlar Milli Məclisdə yox, Rusiya Dumasında oturmalıdırlar”

Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) böyük intellektual potensiala malikdir və orada çoxlu sayda təcrübəli əməkdaşlar çalışır: “Bu sahədə yeni bir insan kimi Ceyhun Bayramov həmkarlarını dinləyəcək və bununla bağlı bəzi qeydlər aparacaq. Düşünürəm ki, onun qarşısında görüləcək çox işlər var və o, ciddi təmizləmə işləri aparmalıdır. Bu işdə ona uğurlar diləyirəm”.

 

Zülfüqarov XİN-də işləyən insanların çoxunun profilli diplomatlar olmadığını da söyləyib: “Fakt budur ki, bu peşənin ətrafında bəzi kitablar və filmlər üzərində formalaşan çox sayda stereotiplər yaranıb. Əslində protokolun spesifikliyini bir neçə ay ərzində dərindən öyrənmək olar. Üstəlik, protokollar bu gün o qədər də vacib sayılmır. Buna görə də düşünürəm ki, burada digər insan keyfiyyətləri vacibdir - iradə, danışıqlar apardığınız mövzunu başa düşmək bacarığı, psixoloji sabitlik, dil bilikləri, ünsiyyət bacarıqları və sair. Bunları bilmək üçün ixtisaslaşdırılmış bir universitetdə oxumaq lazım deyil, bütün bunları iş zamanı da öyrənmək olar”.

 

Sabiq nazirin qənaətincə, dövlət başçısı bir menecer olaraq Ceyhun Bayramovun fəaliyyətindən razı qaldığı hiss olunur: “Əsas odur ki, sələfi kimi xalqının problemlərinə biganə qalmamalı, vətənpərvər olmalıdır”.

 

Yeni nazirin Qarabağ münaqişəsi ilə bağlı danışıqlar aparacağından danışan T.Zülfüqarovun sözlərinə görə, bu shədə qərar qəbuletmə sxemi uzun illərin sınağından keçirilib: “Burada sxemin dəyişəcəyini düşünmürəm. Bu, dövlətimiz üçün ən vacib mövzudur və Prezidentin diqqət mərkəzindədir. Qərar qəbuletmənin özü uzun təhlil və dərk prosesidir və buna görə də burada xüsusi problem görmürəm. Nazirliyin özünün beynəlxalq məsələlər üzrə mütəxəssisləri çoxdur, buna görə də bu məsələdə heç bir problem görmürəm. Düşünürəm ki, hər halda öhdəsindən gələcək. Ona uğurlar arzulayırıq, çünki bu, xalqımız üçün çox vacibdir”.

Müəllif: Nicat Hacıyev