Sabiq məmurun intiharı ilə bağlı cinayət işi açılıb

Hadisə

16.08.2019 - 11:09

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb

 

Qubada baş verən intihar hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə AYNA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 15-də Quba şəhərində yaşamış, 1959-cu il təvəllüdlü Abbasov Canpolad Şıxmurad oğlunun yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq intihar etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Canpolad Abbasov 2000-2002-ci illərdə Quba rayon İcra Hakimiyyəti başçısının müavini, 2006-2009-cu illərdə müxtəlif vəzifələrdə çalışıb, 2009-cu ildən isə təqaüdə çıxıb.

 

İlkin istintaqla sağlığında C.Abbasovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs olmayıb, eləcə də mərhumun hər hansı şəxsə borcu olmaması müəyyən edilib. Mərhumun ailə üzvləri və qohumları ifadələrində C.Abbasovun intihar etməsinə səbəb kimi 2014-cü ildə oğlunun intihar etməsi ilə bağlı günahkar olmasını, özünə qapanmasını, hətta əvvəllər də bu səbəbə görə 2 dəfə intihara cəhd etməsini bildiriblər. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Baş Prokurorluq sonda KİV təmsilçilərinə müraciət edib: “Bəzi media nümayəndələri, intihar etmiş şəxsin əvvəllər bu və ya digər vəzifədə olmasını xüsusi qabardaraq yayılan məlumatlarda həmin şəxsi yüksək çinli məmur kimi təqdim edirlər. Xahiş edirik, məlumatları ictimailəşdirərkən diqqətli olaq”.

Müəllif: Ayna.az